Dünya çempionu olan azərbaycanlı: "Finala qədər mənə çətin olmadı"
Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında yunan-Roma güləşi üzrə ölkəmizi təmsil edən millimiz Vətənə qayıdıb.
mediasport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimində idman ictimaiyyəti, media mənsubları, azarkeşlər və.s. iştirak ediblər.
Mundialda 5 medal qazanan millimiz 108 xal toplayaraq komanda hesabında dünya 2-si olub. İran (113) birinci, Gürcüstan (96) isə üçüncü yeri tutub.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız medalların əyarına görə, son 4 ilin ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, DÇ-də Turan Daşdəmirov (45 kq) və Roman Kərimov (60 kq) qızıl, Yusif Əhmədli (65 kq) gümüş, Elnar Ziyadovla (48 kq) Mikayıl İsmayılov (92 kq) isə bürünc medal qazanıb.
45 kq-da qızıl medal qazanmış Turan Daşdəmirov təəssüratlarını jurnalistlərlə bölüşüb: "Dünya çempionatındakı finala qədər olan görüşlərim mənim üçün çətin keçmədi. İlk görüşdə yaponiyalı idmançı ilə qarşılaşdım. Onu 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazandım. Sonra Qırğızıstan güləşçisinə 10:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldim. Yarımfinalda İran təmsilçisini 5:1 hesabı ilə məğlub edib finala adladım. Finalda isə Rusiyadan olan idmançını 4:1 hesabı ilə məğlub edərək yarışın qalibi oldum. Gələcəkdə əsas məqsədim böyüklər arasında dünya və Avropa çempionu olmaqdır”.