"Rusiyada alver edən, heç kimə lazım olmayan uşaqlarla Azərbaycan çempionu oldum, Premyer Liqada rəqiblərdən qorxmuram" - MÜSAHİBƏ

"Rusiyada alver edən, heç kimə lazım olmayan uşaqlarla Azərbaycan çempionu oldum, Premyer Liqada rəqiblərdən qorxmuram" - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan Birinci Divizionunda "Araz Naxçıvan"ı ölkə çempionu edərək Premyer Liqaya yüksəldən baş məşqçi Azər Bağırov mediasport.az saytına müsahibə verib.


Birinci Divizionda ilk ilinizdə çempion olduz, bu haqda fikirləriniz maraqlıdır, necə alındı?

- Bəlkə də bəzi adamlar deyə bilər ki, Birinci Divizion maraqsız və rəqabətsiz oldu. Amma əksinə, daha maraqlı idi. Çünki neçə illərdir orada çalışıram və əminliklə deyə bilərəm ki, bu mövsüm əvvəlkilərdən daha maraqlı, gərgin keçdi. Divizionda perspektivli uşaqlar var. “Neftçi”, “Səbail” kimi klublarda istedadlı, bacarıqlı futbolçular çoxdur. Mənə elə gəlir ki, yaxın vaxtlarda onlar üzə çıxacaqlar. Mövsümün əvvəli bizim üçün çox çətin başladı. Çünki heç kim Naxçıvana gəlmək istəmirdi. İnandırım sizi, çox futbolçu Premyer Liqa klubunda ehtiyatda oturmağı daha üstün tuturdu, nəinki Naxçıvana gəlib əsas heyətdə oynamağı. Çətin başladı. Amma sonda istədiyimizi reallaşdıra bildik. Ən əsası da qışda Ərzurum toplanışını keçdikdən sonra uşaqlarda özgüvən hiss etdim. Gördüm ki, qələbə hissi olan futbolçuları komandaya yığa bilmişəm. “Sabah”, “Qəbələ”dən çıxarılan uşaqları komandaya götürdüm. O uşaqlar həmin klublara lazım deyildilər. Bizdə özlərini doğrultdular və inandırıram sizi, onlar gələcəklərinə perspektiv bəxş etdilər. Qələbələri sıraladıq, uşaqlarda özünəinam getdikcə artdı. Naxçıvanda baş verən məlum dəyişikliklər vaxtı klubda da bir ara müəyyən durğunluq yaranmışdı. Komandanın daxilinə sirayət etmişdi. Ona görə ardıcıl bir neçə oyunda xal itirdik. Oyunlara çıxanda paltardəyişmə otağında hər dəfə bir-birimizə deyirdik ki, problemlər yaddan çıxmalıdır. Düzdür, bu problemlər məni də düşündürürüdü, lakin büruzə vermirdim. Fikirləşirdim ki, uşaqlara necə motivasiya vermək olar. Şəhərə yeni rəhbərlik gələndən və bizimlə tanışlıqdan sonra hər şey yoluna düşdü. Hamımız çox rahatlaşdıq. Ümumən həm birinci, həm də ikinci dövrəni çox yaxşı başa vurduq. Qışda heyətdə böyük dəyişiklik olmasa da, 1-2 oyunçu ilə gücləndik və bizə əlavə güc qatdılar. Sona yaxın zədəlilərimiz çox oldu. Digər tərəfdən az əvvəl dediyim stress var idi. Şükürlər olsun ki, qarşımıza qoyduğumuz məqsədə çatıb çempion ola bildik.

“Araz Naxçıvan”a  gedəndə sizin qarşınıza konkret məqsəd qoyulmuşdu?

- Vüqar Abbasovla ("Cahan" Holdinqin prezidenti-red.) ilk danışığımızda qarşımıza yaxşı komanda formalaşdırmaq məqsədini qoymuşdu. Mən klubun rəhbərinə komandanı çempion edəcəyimi söz vermişdim. Demişdim ki, əgər istəklərim həyata keçsə, "Araz Naxçıvan"a çempionluğu qazandıra bilərəm. Bəzi məsələlər alınmasa da, qarşıma qoyduğum hədəfə çatdım. Həqiqətən də çox sevincliyəm. Bu mənim ilk çempionluğum deyil.

Premyer Liqada baş məşqçi kimi debüt edəcəksiz...

- Bilirsiz ki, “Qəbələ”də işləyəndə formal olaraq adım yazılırdı baş məşqçi kimi. Ancaq indi bəli, qismət olsa, Premyer Liqada ilk dəfə özümü sınayacam.

Demək olar ki, “Araz Naxçıvan”ı siz yığmısız?

- Premyer Liqa üçün də komandanı sıfırdan yığacağıq. Hazırda komandanın heç bir futbolçu ilə müqaviləsi yoxdur. Bütün futbolçularımızla müqavilələrimiz başa çatıb.

Bu istiqamətdə danışıqlar nə yerdədir, plan necədir?

- Yekun qərarımızı İcraiyyə Komitəsinin iclasından sonra verəcəyik. Əsasnaməyə görə Premyer Liqaya vəsiqə qazanmışıq, ancaq bu, İK-nın iclasında rəsmiləşsin, ondan sonra baxarıq. Bu gün faktiki olaraq, Premyer Liqada deyilik. Yalnız lisenziya qazanmışıq. Ümumən Premyer Liqada da izlədiyimiz, menecerlərin təklif etdikləri bəzi futbolçular var. Onları yaxın günlərdə yavaş-yavaş üzə çıxarmağa çalışacağıq.

Ümumən götürsək, Naxçıvan şəhəri, elə klub olaraq “Araz Naxçıvan” böyük futbola hazırdır?

- Bu gün “Araz Naxçıvan”ın Birinci Diviziondan Premyer Liqaya yüksəlməsi və lisenziya qazanması naxçıvanlıların haqq etdiyi nəticədir. Bəli, Naxçıvan böyük futbola hazırdır. İnanıram ki, ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin də dəstəyi ilə Naxçıvanda böyük futbol yüksək səviyyədə olacaq. İnşallah, səsimiz daha yüksəklərdən gələcək.

Şəhər rəhbərliyi səviyyəsində rəsmi şəxslərlə konkret danışığınız olub, yoxsa İcraiyyə Komitəsinin yekun toplantısını gözləyirsiz?

- Fuad müəllimlə bir dəfə görüşümüz olub, sağ olsunlar, dövlət səviyyəsində lazım olan dəstəyi göstəriblər. İndiki halda AFFA və PFL rəsmiləri ilə danışmışıq. Onlar bizə çatışmayan məsələlərin həlli istiqamətində tövsiyələrini veriblər. Xırda problemləri aradan qaldırmağa çalışırıq ki, Premyer Liqada tam rahat iştirak edək. Çatışmazlıqların hamısı yaxınlarda tam həllini tapacaq.

Mətbuatın, azarkeşlərin tənqidlərinə hazırsız, yoxsa düşünürsüz ki, yenisiz deyə, əsasən jurnalistlər üstünüzə çox gəlməyəcək?

- Tənqidlərə hər zaman hazır olmaq, onlardan nəticə çıxarmaq lazımdır. Düzgün tənqidlərə hər zaman açığam. Bu, belə də olmalıdır. 20 ildən çoxdur ki, Naxçıvanda böyük futbol yoxdur. İstər-istəməz boşluqlarımız, səhvlərimiz olacaq. Yaxşı dostlardan tənqidləri götürməyə hazırıq (gülür).

Özünüzü Premyer Liqada necə təsəvvür edirsiz?

- 2010-cu ildən məşqçiliyə başlamışam. Arif Əsədovun köməkçi məşqçisi kimi “Neftçi”də işləmişəm. 14-cü ilə keçir ki, məşqçiliklə məşğulam, xeyli təcrübə toplamışam. Hər iki ildən bir nəticə qazana bilirəm. “Keşlə”də, “Qəbələ”də öz dəst-xəttim olub, köməyim dəyib. Bugünkü gündə Azər Bağırov Premyer Liqaya hazırdır. Demirəm ki, dağı dağ üstünə qoyacam. İstədiklərimin 70-80 faizi olsa, çox şeylər edə bilərəm.

Əksər şəhər və rayonlarımızın çox da inkişaf etməməsi səbəbindən bölgə klublarına legionerlər getmirlər, getmək istəmirlər. “Araz Naxçıvan”ın necə, sizcə, belə problemi olacaq?

- Legionerlərimiz olacaq, İcraiyyə Komitəsinin iclasından sonra işə başlayacağıq. Fuad Nəcəflinin dəstəyi ilə də həm o legionerlər barəsində, həm infrastrukturumuzun daha da genişləndirilməsibaxımından işlər görəcəyik. Demirəm bu il istədiklərimizin hamısı reallaşacaq. Amma üçüncü ildə “Araz Naxçıvan”ın Premyer Liqada ayaq üstə sərbəst dayanacağını, oturuşmuş komanda şəklində görəcəksiz. Bu gün kim desə ki, bir ilə komandanı formalaşdıracam, yalan olar. "Qarabağ”ın özü Qurban Qurbanovla beş-altıncı ilində nəticə verməyə başlayıb. Biz də həmin sistemdə getmək, komandanın onurğasını düzəltmək istəyirik. Ondan sonra istədiyimiz nəticələri əldə edə bilərik.

“Qarabağ” misalını çəkdiz. “Azərsun” rəhbərliyi səbr edib dözdü, sizcə, “Araz Naxçıvan” rəhbərliyi də bu yolla gedə biləcək?

- “Araz Naxçıvan” rəhbərliyi ilə bu barədə geniş söhbətimiz olub. Onlar da ticarətçi, peşəkar insanlardır. Düşünürlər ki, birdən-birə istədiyin nəticələri verə bilməzsən, istədiyin kollektivi qura bilməzsən. Burada legioner məsələsi də önəmlidir. O mənada ki, Naxçıvanda hansı legionerlərin tab gətirəcəyini özümüz də bilmirik hələ. Əcnəbilərin adaptasiyası əsas məsələdir. Biz bu işləri ələkdən keçirməli, istədiyimiz futbol atmosferini Naxçıvanda yaratmalı və yaşatmalıyıq.

Komandanı Premyer Liqaya hazırlamaq üçünü nə qədər vaxt lazımdır?

- Bizdə elə futbolçular var idi ki, onlar hətta Birinci Divizionda heç kimə lazım deyildilər. Orxan Əliyev, Vadim Abdullayev kimi oyunçuları çoxları yaddan çıxarmışdı. Onlar öz komandalarında bir dəqiqə belə, meydana çıxmırdılar. Hətta Rusiyada ticarət etdiyi yerdən tutub gətirdiyimiz uşaqlar oldu. Amma bu gün həmin uşaqları böyük futbola qaytarmışıq. İnanıram ki, həmin futbolçular bizimlə bir neçə il işləyib irəliləyəcəklər. Əlimizə düşən şansdan maksimum istifadə edəcəyik.

“Neftçi”, “Sabah”, "Qəbələ", “Zirə” kimi təcrübəli komandalara qarşı da oynayacaqsız...

- Heç nədən qorxmuram. Yetəri qədər təcrübəmiz var və yanıma da təcrübəli məşqçilərdən dəvət edəcəm. Yaxşı dostlardan, yaxşı köməkçilərdən hər zaman məsləhət alıram. Hətta mən karyeram boyu inzibatçıdan, masajçıdan belə, mələhət alıram, buna heç vaxt pis baxmamışam. Kollektiv bir yumruq olanda uğur da qazanmaq rahatlaşır. Adminstratorumuz var, Hüseyn Həsənov, futbolçu olub. Elə məsləhətlər verib ki, baxırsan, futbol düşüncəsi tam doğrudur. Bundan istifadə etməmək olmaz. Bizim fikrimizdən, diqqətimizdən nəsə qaça bilər. Amma yaxşı köməkçi, yaxşı kollektiv böyük üstünlük deməkdir. İnanıram ki, çətin səddləri məhz yaxşı kollektivlə birlikdə keçəcəyik.

"A" komandası Naxçıvanda yerləşsə də, aşağı yaş qruplarının Bakıda məskunlaşacağı deyilir. Komandalar arası rabitə necə qurulacaq, əvəzedici heyətlə işləri necə tənzimləyəcəksiz?

- Əvəzedici heyət Bakıda olsa belə, komandamız 4-5 gündən bir paytaxta gələcək. İki-üç gün də burada qalacağıq. Həmin ərəfədə də komandanın yanında olacağıq. Üstəlik, oraya da bildiyimiz, tanıdığımız məşqçini təyin edəcəyik. Lazım gəlsə, tövsiyələrimizi verəcəyik, futbolçuları göndərəcəyik əvəzedici heyətə, yaxud oradan əsas komandaya oyunçu cəlb edəcəyik. Naxçıvan hamı üçün uzaq gəlir, amma Bakıdan təyyarə ilə 45 dəqiqəlik yoldur. Çox yaxındır. Tovuza getməkdən Naxçıvana uçmaq daha asandır. Naxçıvan Muxtar Repsublikasının rəhbərliyi, ölkə başçısının səlahiyyətli nümayəndəsi komandanın və rəqiblərin rahatlığı üçün elə qərarlar verib ki, ortada heç bir əngəl qalmayıb. Məsələn, sırf komandaların gediş-gəlişi üçün onlar hava limanında adi insanların hərəkət etdiyi dəhlizdən yox, VİP zonadan keçəcəklər. Rəqiblər Naxçıvana gələndə hava limanında nəyisə gözləməyə ehtiyac qalmayacaq, komandalar birbaşa otelə yollanacaq, bütün əşyaları servis vasitəsilə məskunlaşdıqları otelə çatdırılacaq. Bir sözlə, qarşılama yüksək səviyyədə olacaq. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin AFFA rəhbəri Rövnəq Abdullayevlə görüşündən sonra belə qərara aldılar ki, komandalar üçün heç bir bilet problemi də olmayacaq.

Premyer Liqada VAR sistemi tətbiq olunur, Naxçıvandakı matçlarda bu sistem necə tətbiq olunacaq?

- Bu məsələlərin hamısı həll olunub. Detallar İcraiyyə Komitəsinin qərarından sonra açıqlanacaq.


Söhbətləşdi: Elvin ƏHƏD