"Bəzi futbolçuları zəif çıxışlarına görə komandadan uzaqlaşdırdım"
"Artıq 2 aydan çoxdur ki, komandayla bir yerdəyəm. Həm maddi sıxıntıları, həm də oynadığı liqanın sonuncusu olan komandanın "sükanı arxasına" keçdim. Kənardan böyük risk kimi görünsə də, öhdəsindən gələcəyik".
Bu sözləri Mediasport.az saytına açıqlamasında futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan "Şəfa"nın baş məşqçisi Elşad Məmmədov deyib.
Mütəxəssis mövsümün geridə qalan ilk dövrəsində uğursuz çıxış edən komandadan 19 futbolçunun artıq göndərildiyini bildirib:
"Bəzi futbolçular özləri getmək istədilər, bəzilərini isə zəif çıxışlarına görə komandadan mən uzaqlaşdırdım. Heyətdə qalan 3 futbolçudan biri qapıçı, digər ikisi müdafiəçi idi. Komandaya bağlı olmaqları, eyni zamanda, mövqelərində daha yaxşı oynadıqları üçün onlarla yola davam etmək istədim. Yenidən qurulmuş heyətimiz cavan və perspektivli oyunçulardan ibarətdir. Bu günün yox, sabahın komandasını qururuq. Komandanın yaş ortalaması 20-21-dir. Keçirdiyimiz 5 yoxlama matçında futbolçularımız haqda dolğun analitik fikir bazası formalaşdırdıq. Fasilədən sonra dinamik, istəkli "Şəfa" görəcəksiniz".
Vaxtilə dünya nəhəngi Madrid "Real"ının akademiyasında təcrübə keçmiş gənc çalışdırıcı qarşıya qoyulan hədəfdən danışıb: "Artıq komandamızda heç bir maddi sıxıntı yoxdur. Cari mövsümün ikinci yarısı futbolsevərlər yenilənmiş, futbol oynamaq istəyən "Şəfa" izləyəcəklər. Məqsədimiz liqada yuxarı pillələrdə qərarlaşmaqdır. Bunun üçün sonadək vuruşacağıq".
Qeyd edək ki, paytaxt təmsilçisi qış fasiləsinə 4 xalla sonuncu - 14-cü pillədə yollanıb. Komanda 14 turda yalnız 1 qələbə qazanıb, 1 dəfə heç-heçə edib, 12 görüşdə uduzub.
Rövşən Əli