Əmrah Çəlikəl: "Marko Veşoviçin meneceri ilə danışıqlar aparırıq"

Əmrah Çəlikəl: "Marko Veşoviçin meneceri ilə danışıqlar aparırıq"

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Qara Qarayev və Kadi Borgesin iştirakı ilə "Park Bulvar"da azarkeşlərlə baş tutan görüşündə iştirak edib.

 

mediasport.az xəbər verir ki, klub rəsmisi tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb:

 

Bu tədbiri təşkil etməkdə məqsədiniz nə idi?

- Məqsədimiz odur ki, futbolçularımız öz azarkeşləri ilə görüşsünlər, onlarla şəkil çəkdirib imza versinlər. Əsas məqsəd futbolçuların azarkeşlərlə daha yaxın olmasına nail olmaqdır.

İlk dəfədir ki, belə tədbir keçirilir. Belə izdiham olacağını gözləyirdiz?

- Etiraf edim ki, biz də bu cür izdiham olacağını gözləmirdik, bunu hesablamamışdıq. “Qarabağ”ın hər futbolçusu Azərbaycan xalqı tərəfindən çox sevilir. Bu, bizim üçün təcrübə oldu. Bəzi qüsurlar, gözlənilməz problemlərlə üzləşdik. Əsas odur ki, maraq çox böyükdür. Bu da bizə tez bir zamanda daha böyük tərkibdə belə tədbir keçirmək üçün stiumul verəcək.

“Qarabağ”dan yeni transferlər gözlənilir?

- Transfer məsələləri baş məşqçimizin səlahiyyətindədir. Bizim işimiz onun istədiklərini icra etmək, Qurban Qurbanovun göstərdiyi futbolçuları heyətimizə cəlb etməkdir. Bu məsələ yalnız yay və qış fasilələrində yox, hər gün gündəmimizdədir. Lakin hazırda danışıq apardığımız futbolçular yoxdur. Amma bu, olmayacağı anlamına da gəlmir.

Marko Veşoviç və müqaviləsinin müddəti bitmək üzrə olan digər futbolçular var. Onlarla bağlı vəziyyət nə yerdədir?

- Bildiyiniz kimi, dünən dörd gənc futbolçu ilə yeni, 3.5 illik müqavilə imzaladıq. Bu yöndə işlərimiz davam edir. Futbolçularla və onların menecerləri ilə danışıqlar gedir. Veşoviçlə də həmçinin.