AÇ-2024: Erməni təxribatına görə İsveç 5, AFFA 15 min cərimələndi - UEFA-dan növbəti ikili standart
UEFA martın 27-də Stokholmda keçirilmiş futbol üzrə Avro-2024-ün seçmə qrup mərhələsinin İsveç - Azərbaycan oyununda baş verən qalmaqallara hüquqi qiymət verib.
mediasport.az xəbər verir ki, ali futbol qurumu yığmamızın 0:5 hesabı ilə uduzduğu qarşılaşmada yaşananlara görə həm meydan sahiblərini, həm də AFFA-nı cərimələyib.
Təşkilat "Friends Arena"dakı matçın gedişində İsveçdə yaşayan ermənilərin separatçı qruplaşmaların, DQR-in bayrağını qaldırdıqları və siyasi mesajlara görə İsveç Futbol Federasiyasına 5 min avro cərimə kəsib.
AFFA isə azərbaycanlı fanatların meydana yad əşya atmaları səbəbindən 10 min, arenaya dəymiş ziyana görə 5 min avro cərimə ödəməli olacaq. Federasiya UEFA-nın göstərişinə əsasən, stadiona dəyən ziyanı da qarşılamalıdır.