ABF-də Avropa çempionatının medalçıları ilə görüş keçirilib

ABF-də Avropa çempionatının medalçıları ilə görüş keçirilib

Azərbaycan Boks Federasiyanın (ABF) inzibati binasında milli komandada yetirməsi yer alan məşqçilərlə görüş keçirilib.

Qurumdan Mediasport.az saytına verilən məlumata görə, görüşdə ABF prezidentinin müşaviri Samir Hüseynov, İdarə Heyətinin üzvü Rövşən Hüseynov və baş katib Nağı Səfərov iştirak ediblər.

Məşqçilər yetirmələrinin hazırkı durumu barədə məlumat verib, boksçularımızın daha da uğurlu çıxışları üçün təkliflərini səsləndiriblər.

Onlara bildirilib ki, Azərbaycanı ölkə xaricində inamlı təmsil etmək üçün yetirmələrinə hər bir dəstək göstəriləcək. Əsas hədəf boksçularımızın beynəlxalq arenada uğurlu çıxışına hesablanıb.

Samir Hüseynov və Rövşən Hüseynov, həmçinin Sloveniyanın Maribor şəhərində məktəblilər arasında Avropa birinciliyində medal qazanan boksçularla da görüşüblər. Yarışda əldə olunan 2 qızıl və 2 bürünc medal böyük uğur kimi qiymətləndirilib.

Bildirilib ki, aşağı yaş qruplarında yer alan idmançılara inam yüksəkdir və bu nailiyyəti növbəti yarışlarda da davam etdirmək üçün məşqləri səylə davam etdirmək lazımdır.

Yekunda uğur qazanan boksçulara mükafatlar verilib.

Qeyd edək ki, 380 boksçunun qatıldığı Avropa birinciliyində Şahin Aslanovla (52 kq) Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) bürünc medal qazanıb.