"Azərbaycan şahmatının patriarxı" FİDE tərəfindən təltif edildi - FOTO
Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının qala gecəsi keçirilib.
Mediasport.az xəbər verir ki, tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və FİDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov çıxış edib.
AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb:
"FİDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qalıb. Buna görə biz FİDE-nin yaradıcılarına minnətdar olmalıyıq".
Sonra FİDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.
Gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.
FİDE-nin rəsmi saytında Həsənov barədə bunlar yazılıb:
"Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O, Olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun-Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O, həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan "Şahmat klubu" həftəlik verilişinin aparıcısı kimi tanınıb".