"Formasını geyindiyimiz "Zəngəzur" adının məsuliyyətini dərk edirik"

"Formasını geyindiyimiz "Zəngəzur" adının məsuliyyətini dərk edirik"

"Komandanın hazırlığı yaxşı gedir. Doğrudur, vaxtımız az oldu, tam da istədiyimiz kimi hazırlaşa bilməmişik. Lakin məşqlərə tam heyətlə qoşulduq, hazırlaşdıq. Nəticə əldə etmək üçün sona qədər vuruşacağıq. Turnirlə bağlı narahat edən məqam odur ki, komandaları tanımırıq. Onların heç birini analiz edə bilməmişəm. İnanıram ki, bunun da öhdəsindən orada qısa müddətdə gələcəyik. Rəqibləri görəcəyik. Bizim yaxşı komandamız var".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Zəngəzur" minifutbol klubunun baş məşqçisi Əjdər Əjdərov deyib.

Ölkəmizi avrokuboklarda yeni adla təmsil edəcək komanda sabah Bolqarıstanın Burqas şəhərinə yollanacaq. Çalışdırıcının dəvətilə heyətə futbol üzrə Azərbaycan milli komandasının keçmiş üzvü Əfran İsmayılov da cəlb edilib: "Əfran bizimlədir, ona komanda rəhbərliyi və öz adımdan adından təşəkkür edirəm. Təklif göndərən kimi fikirləşmədən dəyərləndirdi və öz köməyini əsirgəməyəcəyini söylədi. İndi də bizimlədir. Komandamızın digər oyunçuları da Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardır. Hamısı böyük futbol oynayanlardır. Yaxşı kollektiv yarada bilmişik".

Gənc mütəxəssis rəhbərliyin komandanın qarşısına qoyduğu hədəflərdən də danışıb:

"Bolqarıstanda ölkəmizi ən yaxşı şəkildə təmsil etməyi düşünürük. Komandanın adını, ölkəmizi layiqincə təmsil etmək niyyətindəyik. Formasını geyindiyimiz "Zəngəzur" adının məsuliyyətini bilirik. Hansı komandanı, hansı ölkəni təmsil etdiyimizi yaxşı dərk edirik.  Məqsədlərimiz bəllidir, hamımız məsuliyyətlə çalışacağıq. Turnirdə hər ölkənin üçüncü pilləsini tutmuş komandalar iştirak edəcəklər. Orada da güclü rəqiblər olacaq. Sadəcə, əsas narahat edən məqam rəqibləri analiz edə bilməməyimizdir. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Rəhbərimiz Şahin Məmmədov komandanın avrokuboklarda ölkəmizi layiqincə təmsil etməsi üçün hər cür şərait yaradıb".

Bildirək ki, "Zəngəzur" UEFA Avropa Kubokunun A qrupunda "Qalaktiko Vratsa" (Bolqarıstan), TMT (Yunanıstan) və "Veşka Olomuts" (Çexiya) kollektivləri ilə qarşılaşacaq.