Gəncə klubu yeni müqavilə bağlayıb - Bir illik anlaşma

Gəncə klubu yeni müqavilə bağlayıb - Bir illik anlaşma

“Gəncə” voleybol klubu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanası arasında sponsorluq müqaviləsi imzalanıb.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, müqaviləni “Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov və Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov imzalayıblar.

Birillik imzalanan müqaviləyə əsasən, Gəncə Şəhər Birləşmiş Xəstəxanası “Gəncə” voleybol klubunun sağlamlıq sponsoru olacaq, komandaya ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və sair kimi xidmət göstərəcək. Əvəzində isə komandanın ev oyunları zamanı meydançada yerləşən reklam lövhələrində, voleybolçuların formalarında Gəncə Şəhər Birləşmiş Xəstəxanasının loqosu yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində xəstəxananın da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.

Gəncə Şəhər Birləşmiş Xəstəxanası 2021-ci ilin yanvar ayından Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. Xəstəxananın nəzdində 5 böyük tibb müəssisəsi, 9 Ailə Sağlamlıq Mərkəzi var. Xəstəxana Gəncə şəhərindəki dövlət tibb müəssisələrini əhatə edir və əhaliyə ən müasir tibbi avadanlıqla xidmət göstərir.