Azərbaycan klubunda kütləvi xəstəlik - Oyun təxirə salındı
UNEC voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb.
mediasport.az xəbər verir ki, buna səbəb komandanın 8 oyunçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsidir.
Müraciətdə deyilir: "Onlar artıq bir neçə gündür ki, məşq prosesində də iştirak edə bilmirlər. Voleybolçularımızın həkim nəzarətində müalicə olunduqlarını nəzərə alaraq xahiş edirik ki, yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşma başqa tarixə təyin olunsun".
Yaranmış vəziyyətlə əlaqədar federasiya rəhbərliyi "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.