"Hamımız medal gözləyirdik, çox istəyərik ki, sonuncu olmasın”
“Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət ki, bu oldu. Çox istəyərik ki, gümüş medal sonuncu olmasın”.
mediasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda təşkil edilən atıcılıq üzrə dünya çempionatında Azərbaycan idmançılarının çıxışına münasibət bildirərkən deyib.
Qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışında gümüş medal qazanan Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət yığmanın çıxışını dəyərləndirən nazir bu nailiyyətin davamının gələcəyinə inanır: “Yarış davam edir, idmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb, medallarımızın sayını artıracaqlar”.
F.Qayıbov yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Atıcılıq Federasiyasını təbrik edib: “Yarış çox gözəl təşkil olunub. Bunu biz demirik. Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nümayəndələrinin hər biri dünya çempionatının yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.
Gənclər və idman naziri mükafatlandırma mərasiminə qatılması barədə də danışıb: “Dünya çempionatı boyunca bura bir-iki dəfə gəlmişdim. Bütün günü burada ola bilmirəm. Amma onlayn baxırdım. Federasiya rəhbərliyi ilə əlaqədə idik. İdmançılara dəstək üçün gəlirik. Amma bəzən deyirlər ki, bu dəstək onlara mane ola bilər. Ona görə də bizim üçün çətindir. İnanırıq ki, növbəti günlərdə də atletlərimiz medallar qazanacaqlar”.