"Heç kim mənim üçün ulduz deyil, ulduz göydə olur" - Azərbaycan milli komandasının baş məşqçisi
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, çalışdırıcı UEFA Millətlər Liqasının İsveç (5 sentyabr) və Slovakiya (8 sentyabr) oyunları ilə bağlı sualları cavablandırıb:
Milliyə dəvət olunanlar daha çox yerli çempionatda çıxış edən oyunçulardır. Eddi İsrafilov və Mahir Emreli formada deyillər deyə, dəvət almayıblar, yoxsa hazırda milli üçün layiq bilmədiz?
- Mahir zədəlidir. Bu, bəllidir. Ümumiyyətlə, 50 nəfərə yaxın oyunçu var idi. Onların arasında seçim etdik. Dediyiniz oyunçular zədəli olduqları üçün çağırılmadılar. Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Mahir Emreli, İsmayıl İbrahimli, Anton Krivtosyuk, Hacıağa Hacılı zədəlidir.
İki aya yaxındır ki, Azərbaycan millisinin baş məşqçisisiz. Premyer Liqa, avrokubok oyunlarımızı izlədiniz, stadionlarda oldunuz. Gələcəyə ümidlə baxmağa əsas varmı?
- Reallıqlarla barışmaq lazımdır. Biz bura gəlmişik ki, gələcək üçün komanda quraq, həmin komanda bu yarışlarda ölkəni yaxşı təmsil etsin. İndi heyətə cəlb etdiyim oyunçular birinci dəfədir ki, mənimlə işləyəcəklər. Məşq üçün cəmi bir gün vaxt olacaq. İndi hansısa köklü dəyişikliklər etməyə gərək yoxdur. Futbolçularla birinci dəfə işləyəcəm. Onlar da bizi tanıyacaq, biz onları tanıyacağıq. Fiziki hazırlıqlarında dəyişiklik etmək imkanımız yoxdur. Çünki klublarında necə hazırlıq keçiblərsə, elə də olacaq. Gələcəkdə nələrsə dəyişəcək? Bu, artıq başqa məsələdir. İndiki məqamda köklü dəyişikliklərə getməyə əsas yoxdur. Əsas hazırlıq bazası bu və millinin keçirdiyi son oyunlar olacaq. Təbii ki, rəqabətədavamlı komanda yaratmaq istəyirik ki, yüksək səviyyədə mübarizə apara bilsin, çox qol vurub, daha az qol buraxsın. Çox kompakt, istəkli, əzmkar, vətən, bayraq üçün əzmkarlıq göstərən komanda yaratmaq istəyirik. Çalışacağıq ki, güclü kollektiv yaradaq. İndiki məqamda bu çox vacibdir. Milliyə çağırılacaq hər futbolçu bizim üçün çox önəmlidir. Amma onlar heç biri bizim üçün ulduz deyil. Ulduz yalnız göydə olur.
Millinin futbolçuları son tsikldə yaxşı formada olsalar da, effekt vermədilər. İndi isə onların hazırlıq forması daha aşağıdır. Nə gözləmək olar?
- Əsas olan komandadır. Fərdlər önəmli deyil. Gələcəkdə dəfələrlə təkrar edə bilərəm. Mənim üçün bir oyunçu digərindən önəmlidir deyə, bir şey yoxdur. Hamı mənim üçün önəmlidir. Ola bilsin ki, sizin gözlədiyiniz oyunçu mənimlə olmasın. Biz hamımız buradayıq ki, Azərbaycan naminə bir şeylər edək. Fernandu Santuş və ya hansısa futbolçular üçün yox, Azərbaycan üçün buradayıq. Bizim üçün əsas olan Azərbaycan bayrağı, Azərbaycan himninə görə oynamaqdır. Bura elə-belə gəlməmişəm.
Millinin heyətinin bu cür açıqlanması bizim üçün də yenilikdir. Həmişə Premyer Liqada tur bitəndən sonra açıqlanırdı. Bu gün 5-ci tur start götürür. Hansısa zədələr olarsa, alternativlər var?
- Təbii ki, alternativlər var. Avrokuboklar oyunlarını izlədik və qərara gəldik ki, bu gün heyəti elan edək. 50 nəfərlik siyahı var, alternativlər də var. Ölkədən kənarda oynayanlar da var, onların ölkəyə gəlişi-gedişini nəzərə almaq lazımdır. Ola bilsin ki, xaricdə oynayanlardan kimsə zədələnsə, onları daha çox yerli çempionatda oynayanlar əvəz edəcək.
11 ildən sonra "Turan Tovuz"dan 2 oyunçu milliyə dəvət edilib. Bu, "Turan Tovuz"un hazırda lider olması ilə əlaqədardır?
- Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Onların lider komandada oynaması ilə əlaqədar deyil. Dəvət olunublar. Onları millidə görəcəyik, tanıyacağıq. Kim layiqdirsə, çağırırıq. Bu dəfə Azərbaycan çempionatının 4 komandası var ki, onlardan milliyə oyunçu cəlb edilməyib. Dünən 30 futbolçu var idi, seçim etdik və 24 oyunçuluq siyahı çıxardıq. Amma 4 komandadan oyunçu yoxdur. Heç kim deyə bilməz ki, gələcək oyunlarda onlardan olmayacaq. Futbolçuların daha çox öz klublarındakı çıxışına baxıb, milliyə dəvət edirik. Hər bir futbolçuya böyük hörmətim var. Sizlərə də, həmçinin. Futbolçuların adını sizin qarşınızda elan etmək istədim ki, əlavə suallarınız olsa, cavablayaq. Ola bilsin ki, bəzi oyunçular milliyə daha çox cəlb olunacaq, bəziləri olmayacaq.
Milliyə üç sağ cinah müdafiəçisi dəvət etmisiz. Onlardan hansısa sol cinahda oynayacaq, yoxsa taktiki gedişlər hazırlamısız?
- Belə variant var. Portuqaliya millisində işləyəndə də, bu cür addımlar atmışam. Mərkəz müdafiəçisinin də cinahda oynadığını görmüşük. Lazım olarsa, sağ cinah müdafiəçisini solda oynada bilərik.
Qarşıdakı İsveç və Slovakiya oyunları haqda nə düşünürsüz? Bu matçlarda nəticə nə qədərə önəmlidir?
- Dünyada elə məşqçi yoxdur ki, qələbədən başqa nəticəni istəsin. Elə komanda yaratmaq istəyirik ki, oyunçular inamlı və iddialı olsunlar. Futbol sadə oyundur. Əsas məsələ topu çərçivədən keçirməkdir. Rəqiblər haqda da informasiyaya malikik. İstəkli, iddialı komanda qurmaq niyyətindəyik. İndiki məqamda əsas baza əlimdə olan bu futbolçulardır. Birinci dəfədir işləyəcəyik. Bilmirəm necə müdafiə olunurlar, necə hücuma keçirlər, məşqçinin dediklərini necə edirlər. Biz öz modelimizi yaratmaq istəyirik ki, öz dəst-xəttimiz olsun.
"Sumqayıt", "Sabah", və "Zirə"nin avrokuboklardakı çıxışını dayandırması, milliyə təsir edəcək?
- Heç bir təsiri olmayacaq. Bəzən futbolçunun istirahətə də ehtiyacı var. Bazar ertəsi "Qarabağ" və "Zirə" oynayacaq. Həmin oyunçular dərhal milliyə gəlib məşqlərə qoşula bilməzlər. Çünki onlar bərpa olunmalıdır. "Zirə" və "Qarabağ"ın futbolçuları məşqlərdə iştirak edə bilməyəcək. Avrokuboklarda klubların mübarizəni dayandırmasının milliyə təsiri olmayacaq. Futbolçular istəklərimi yerinə yetirməyəcəklər, mübarizə aparmayacaqlar, effektiv olmayacaqlarsa, onların gələcəkdə milliyə dəvət olunmasına təsir göstərəcək.
Arif Əsədov ayrıldıqdan sonra millidə yerli köməkçi məşqçi təyinatı olmayıb. Güvənmirsiz, yoxsa tapa bilmirsiz?
- Mütləq olacaq. Rəhbərliklə bu məsələ üzərində işlər aparılır. Ola bilər ki, bir neçə gün sonra, ya bir neçə həftə sonra ad açılanacaq. Heyətdə yerli məşqçinin olması lazımdır.
Lap əvvəldə dediz ki, ulduz göydə olur. 2016-cı ildə Ronaldo göydə idi?
- Təkcə o yox, hamısı. O, dünyanın ən yaxşısıdır. Amma qələbəni tək qazanmırlar. Yalnız komanda qalib gəlir. Sizdən bir şey xahiş etmək istəyirəm. Çox istəyərdim ki, milliyə dəstək olasız. Azarkeşlərə müraciət edirəm. "Qarabağ"ın avrokuboklardakı oyunlarına 30 min azarkeş gəlir, çempionat oyununa isə 300 azarkeş. "Turan Tovuz"un oyununa baxırsan, bölgələrdə azarkeş çox gəlir. Millidən bərk yapışın, inanın ki, bu gələcəyə atılmış addımdır, layihədir. Sadəcə milliyə inanın. Azarkeşlərdən xahiş edirəm ki, məni dəstəkləmək lazım deyil, amma millinin və oyunçuların buna ehtiyacı var. Çox istəyərdim ki, millinin oyunlarında azarkeşlər stadionu doldursunlar.