"Hədəfim olimpiadaya vəsiqə qazanmaqdır" - Avropa çempionu
"Gələcək hədəfim "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır".
Mediasport.az xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan Nihat Məmmədli deyib.
Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala kimi olan görüşlərinin rahat keçdiyini bildirib: “Turnir mənim üçün yaxşı keçdi. Həlledici oyunlar hər zaman çətin olur. Finaldakı rəqibim də Avropa və dünya çempionu Viktor Çiovanuya idi. Xoşbəxtəm ki, Azərbaycana qızıl medalla döndüm”.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar.
Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram) və Həsrət Cəfərov (67 kiloqram) qızıl, Rəşad Məmmədov (55 kiloqram), Ülvü Qənizadə (72 kiloqram) gümüş, Beka Kandelaki (130 kiloqram) isə bürünc medalın sahibi olub. Yığma bu göstərici ilə Avropa çempionatında komanda hesabında ikinci yeri tutub.
Azərbaycan fevralın 18-dək davam edəcək turnirdə 25 güləşçi ilə təmsil olunur.