DÇ-də ilk gün: Nihad finalda, Ziya ilə Sərxan bürünc medal üçün güləşəcək
İspaniyanın Pontevedra şəhərində start götürən güləş üzrə U-23 Dünya çempionatı davam edir.
mediasport.az xəbər verir ki, yarışın ilk günündə 4 yunan-Roma güləşçimiz çıxış edib.
Ziya Babaşov (63 kq) finalın bir addımlığında iranlı İman Məhəmmədiyə uduzub - 1:5. Güləşçimiz bürünc medal uğrunda yarışacaq. Onun rəqibi Əhməd Bağduda (Misir) - Ryuta İkeda (Yaponiya) görüşünün qalibi olacaq.
Sərxan Məmmədov (130 kq) da finalın bir addımlığında büdrəyib. Məmmədov bürünc medal uğrunda mübarizədə Əliəkbər Yusufiəhmədçali (İran) – Marin Nişimura (Yaponiya) görüşünün qalibi ilə qarşılaşacaq.
87 kq-da yarışan Laçın Vəliyev 1/4 finalda polşalı Şimon Şimonoviçə böyük hesabla məğlub olub - 0:8.
Bu gün daha iki yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.
60 kq çəki dərəcəsində Nihat Məmmədli təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək. 72 kq çəkidə isə Qurban Qurbanov eyni raundda Yanis Nifrinin (Fransa) müqavimətini qırmağa çalışacaq.
Həmçinin Nihad Quluzadə bu gün medal görüşünü keçirəcək. 55 kq-da finala vəsiqə qazanan pəhləvanımızın rəqibi iranlı Poya Marz olacaq.