"Hesab edirəm ki, 2 oyuna 7 qol çoxdur, daha yaxşı çalışacağıq"
"Əlbəttə ki, cərimə zərbələrinə də, penaltilərə da yaxınlaşmaq istəyirəm. Lakin hər şeyin öz vaxtı var, addım-addım buna nail olacağam".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Aleksey İsayev deyib.
Yarımmüdafiəçi əvvəlcə öz çıxışlarından danışıb, Azərbaycan Premyer Liqasının 22-ci turunun "Sabah"la matçı barədə fikirlərini bölüşüb:
"Mən peşəkaram, fərqi yoxdur kimə qarşı oynayıram. Meydana çıxıb öz işimi görməliyəm. Deməzdim ki, qeyri-adi emosiyalarım var. Mənim üçün adi oyun idi. Sadəcə, hər oyun qələbə qazanmaq lazımdır. Kubok oyunu haqda heç nə deyə bilmərəm, meydanda olmamışdım. Bu oyunda isə iki penalti oldu və Tellur Mütəllimov möhtəşəm qol vurdu. Telluru təbrik edirəm, gözəl qol idi".
28 yaşlı futbolçu "bayquşlar"la son 2 matçda "köhlən atlar"ın 7 qol buraxmasına izah verib, "Braqa" ilə Avroliqa görüşünə toxunub:
"Hesab edirəm ki, 7 qol çoxdur. Daha yaxşı çalışacağıq. Səhvlərimizin üzərində işləyəcəyik. "Braqa" ilə dueli çox maraqlı və ən çətin qarşılaşma olacaq. Ümid edirəm ki, evə müsbət nəticə ilə qayıdacağıq. Öz oyunumuzu oynamalıyıq. Biz bunu bacararıq. “Braqa” yaxşı komandadır. Bunu hamı bilir. Ona görə də çox ciddi hazırlıq olacaq".
Masazır təmsilçisinin sabiq futbolçusu eks-klubunun keçmiş baş məşqçisi Murad Musayevin gedişindən söz açıb, "Sabah"ın oyun taktikasının dəyişdiyini deyib:
"Rəqibi mərkəzdən qarşılamağa başlayıblar. Aqressiv pressinq yoxdur. Heyətdə bir az rotasiyaya yer verilib. Demək olar ki, bizə qarşı əks-hücumlarda oynayırdılar. Kubokun cavab oyununda da belə idi. Əlbəttə ki, oyun tərzi dəyişilib".
Aleksek Ağdam təmsilçisinə keçidindən sonra komandaya uyğunlaşmaq prosesinin uğurlu və tez alındığını söyləyib:
"Hər şey yaxşıdır. Çox gözəl qarşıladılar. Buna görə “Qarabağ"a minnətdaram. Bundan yaxşısını arzulaya bilməzdim. Hamısı peşəkar və yaxşı insanlardır. Adaptasiya yavaş-yavaş alınır. Artıq özümü daha yaxşı hiss edirəm".
Rövşən ƏLİSOY