Yusubov çimərlik güləşində növbəti dəfə dünya çempionu adını qazandı
Çimərlik güləşi üzrə mövsümə yekun vurulub.
Mediasport.az xəbər verir ki, final mərhələsində Azərbaycanı Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil ediblər.
Ramiz Həsənov A qrupunda fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0), serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. O, yarımfinalda Xristoforidis Xristosdan güclü olub - 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan Ramiz final mərhələsini gümüş medalla başa vurub.
İbrahim Yusubov Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən İbrahim finalda yenidən Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.
Ramiz yekun nəticəyə əsasən, dünya ikincisi olub. İbrahim isə titulunu növbəti dəfə qoruyub və 3-cü dəfə dünya çempionu adına yiyələnib.