İcra başçısı DÇ-də medal qazanan idmançılarla görüşüb
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Yaponiyada keçirilmiş dünya çempionatında yüksək nəticələr əldə etmiş “İrəvan” İdman Klubunun karateçilərini qəbul edib.
Mediasport.az xəbər verir ki, Matsuyama şəhərində keçirilən Aşihara növündə Musa Musazadə qızıl medalı, Fərman Rəhimov isə bürünc medalı qazanıblar.
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev idmançılarla yanaşı, klubun rəhbəri Fəxri Cəfərov və Göygöl Aşihara Karate İdman Klubunun rəhbəri Cavid Əsgərovu qəbul edib.
Şəhər rəhbəri yüksək nəticələr münasibəti ilə idmançıları təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışaraq, bu sahədə uğurlu nəticələrin əldə olunmasında idmançıların fiziki sağlam, psixoloji dayanıqlı olmalarının əhəmiyyətini, idmançının yarış mühitində formalaşdığını qeyd edib və Göygöl rayonda idman mühitinin qorunub saxlanıldığını xüsusi vurğulayıb.
İdmançılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Sonda xatirə fotosu çəkdirilib.