Azərbaycanın idman jurnalistləri beynəlxalq turnirdə 3-cü oldular
Futbol üzrə idman jurnalistlərindən ibarət Azərbaycan millisi beynəlxalq turnirdə 3-cü olub.
Mediasport.az xəbər verir ki, Gürcüstanda məşhur futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr edilmiş idman jurnalistləri arasında 6-cı Beynəlxalq Media Kuboku turniri baş tutub.
8 ölkənin iştirak etdiyi yarışda Azərbaycanı İdman Jurnalistlərindən ibarət yığma təmsil edib. Komandamız Macarıstan, Litva və Moldova yığmalarının yer aldığı A qrupunda iki qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.
Yarımfinalda meydan sahibi Gürcüstan yığması ilə qarşılaşan komandamız məğlub olaraq yekunda turniri 3-cü pillədə tamamlayıb.
Komandamızın üzvü Məsim Məsimzadə turnirin ən yaxşı hücumçusu seçilib. Turnirin qalibi Moldova komandası olub.
Səfərin reallaşmasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Peşakar Futbol Liqası (PFL) dəstək göstərib.