"Dünya Oyunlarında xalqımızı daha yüksək nəticələrlə sevindirəcəyik"
"Bir həftədən sonra bizi İngiltərədə Dünya Oyunları gözləyir. Orada xalqımızı daha yüksək nəticələrlə sevindirəcəyik".
mediasport.az xəbər verir ki, bunları Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa paralimpiya çempionatında gümüş medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.
90 kq-dan yuxarı çəkidə fəxri kürsüyə qalxan 2 qat paralimpiya çempionu təəssüratların əla olduğunu bildirib: "Səhər tezdən bizi qarşılamağa gəlmisiniz. Əziyyət çəkən insanlara, rəhbərliyə idmançılar və məşqçilər adından təşəkkürümü bildirirəm. Çox gözəl çıxış etdik, medalların əyarına görə komanda hesabında ikinci olduq. Gələn dəfə daha yaxşı nəticə göstərəcəyik".
48 kq çəki dərəcəsində Avropa çempionu olan Şəhanə Hacıyeva yarışın möhtəşəm keçdiyini söyləyib: "Əməliyyatdan sonra ilk sınağım olsa da, Vətənə qızıl medalla döndüm. Ümid edirəm ki, bu nəticəni Dünya Oyunlarında da təkrarlayaram".
70 kq-da qızıl medala sahib çıxan Xanım Hüseynova qitə çempionatının yığma üçün uğurlu alındığını vurğulayıb: "Əsas odur ki, çempion olduq. Növbəti yarış Dünya Oyunlarıdır. Hədəfimiz isə Paris-2024 Yay Paralimpiya Oyunlarındə bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməkdir".
73 kq-da Avropa ikincisi olan Namiq Abaslı da yarışın keyfiyyətindən razı qalıb: "Avropa çempionatı yüksək səviyyədə keçirildi. Mənim çəkimdə güclü rəqiblər var idi. Yüksək səviyyədə hazırlıq keçdiyim üçün onlara qalib gələrək gümüş medal qazandım. Qarşıda Dünya Oyunları var. İnanıram ki, orada "gümüş"ü "qızıl"a çevirə biləcəyəm".
Qeyd edək ki, paracüdoçular Avropa çempionatını 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.