İlin idman səfirləri müəyyənləşib - Millimizin eks futbolçusu da seçilib
Gənclər və İdman Nazirliyinin növbədənkənar Kollegiya iclası keçirilib.
Mediasport.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda 2024-cü il üçün "İdman səfirləri” seçilib.
Əvvəlcə namizədlərin təqdimatı keçirilib. Hər bir namizəd özü haqda və seçiləcəyi təqdirdə göstərəcəyi fəaliyyət barədə məlumat verib.
Sonra səsvermə ilə 9 namizəd arasından aşağıdakı 5 nəfər 2024-cü il üçün “İdman səfiri” seçiliblər:
Fəridə Əzizova - taekvondo üzrə yeniyetmələr arasında Avropa çempionu, gənclər arasında dünya çempionu, U-21 Avropa çempionu, böyüklər arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında dünya çempionatının ikiqat bürünc mükafatçısı;
Aliyə Paşayeva - bədii gimnastika üzrə Avropa çempionatlarının gümüş və bürünc medalçısı, bədii gimnastika üzrə milli komandanın məşqçisi, əməkdar idman ustası;
İlqar Qurbanov - müxtəlif illərdə İstanbulun “Fənərbaxça”, Lənkəranın "Xəzər Lənkəran" futbol komandalarında, Türkiyənin gənclərdən ibarət milli komandasında və Azərbaycanın böyüklərdən ibarət yığmasının üzvü olub və hazırda futbol üzrə Azərbaycan milli komandasının skautu;
Orxan Səfərov - 23 yaşadək cüdoçular arasında Avropa çempionatının bürünc mükafatçısı, böyüklər arasında keçirilən dünya çempionatının bürünc və gümüş mükafatçısı, Avropa Oyunlarının gümüş medalçısı, böyüklər arasında Avropa çempionatının qızıl, gümüş və bürünc mükafatçısı, “Masters” yarışlarının müvafiq olaraq qızıl və gümüş mükafatçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi;
Xəyyam Orucov - milli idman növləri üzrə dördqat Avropa çempionu, ikiqat Dünya Kubokunun sahibi, dünya çempionatının altıqat mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı, əməkdar məşqçi.
Kollegiyada həmçinin Azərbaycan Avtomobil Federasiyasının təqdimatına baxılıb və Azər Qadir oğlu Abıyevə "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi" fəxri adının verilməsi haqqında qərar qəbul edilib.