Parabadmintonçumuz beynəlxalq turnirdə iki gümüş medal qazanıb

  Parabadmintonçumuz beynəlxalq turnirdə iki gümüş medal qazanıb

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Uqandanın paytaxtı Kampalada şəhərində keçirilmiş beynəlxalq turnirdə iki medal qazanıb.

Mediasport.az xəbər verir ki, dünya reytinqində 14-cü olan, Avropada isə "Top-5"də qərarlaşan idmançı şəxsi yarışda A qrupunu lider başa vuraraq pley-offa yüksəlib. 1/4 və yarımfinal görüşlərində də qələbə qazanan Azərbaycan təmsilçisi finalda hindistanlı Jatin Azada 0:2 (14-21,16-21) hesabı ilə uduzub. O, kişilərin qoşa yarışında da qızıl medalın bir addımlığında məğlub olub.

Qrupda 2 qələbə qazanaraq yarımfinala yüksələn İbrahim Əliyev-Karan Paneer (Hindistan) cütü burada 3 setin yekununda Hindistan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici qarşılaşmada Jatin Azad-Abhijeet Sakhuja (Hindistan) tandemi ilə baş tutan görüş də gərgin mübarizə şəraitində keçərək 3 set davam edib - 17-21, 21-18, 10-21.

İbrahim Əliyev Dünya Badminton Federasiyasının illik təqvimində yer alan "Uganda Para Badminton International" turnirində ardıcıl olaraq üçüncü il mükafatçılar sırasında yer alıb. O, 2022-2023-cü illərdə şəxsi yarışlarda bürünc, qoşa yarışlarda isə gümüş medal qazanıb.