"İsveçin öz meydanında yığmamıza 5 qol vurmasını niyə qabartmırlar?"
"Milli komandamızın gözəl oyunu ilə İsveçə qalib gəlməsi tarixi qələbə idi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının keçmiş futbolçusu Ceyhun Sultanov deyib.
Futbol mütəxəssisi yığmamızın Belçika ilə oyununda da yaxşı nəticə əldə edə biləcəyini bildirib: "Belçika millisi qrupdan çıxıb, bu, komandamıza kömək ola bilər. Onlara qarşı da mübarizə aparıb xal ehtiyatımızı artıra bilərik. Futbolda həmişə sürprizlər olur. Onsuz da bizim qrupdan çıxmaq şansımız yoxdur. Stress altında olmadan İsveçlə oyundakı kimi oynasaq, onlardan xal ala bilərik".
"Neftçi"nin sabiq idman direktoru yığmamızın baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılmamasının tərəfdarıdır. O bildirib ki, italyan mütəxəssisi yola salıb əvəzinə yerli məşqçi gətirmək lazımdır:
"İsveçlə oyuna görə futbolçuların zəhmətini aşağılamaq istəmirəm. Qələbəyə görə baş məşqçini də təbrik edirəm. Amma beş oyun da qalib gəlsək, fikrimdə qalıram, De Byazi ilə müqavilənin artırılmasını istəmirəm. Ötən il də eyni ssenari təkrarlandı. Dedilər, komandanı daha yaxşı tanıyacaq. Axırı necə oldu? Estoniya və İsveçlə oyundakı qələbəyə görə qalmışdı? İsveçin öz meydanında yığmamıza 5 qol vurmasını niyə qabartmırlar? De Byazini göndərib yerinə yerli məşqçilərdən təyin olunsa, effektini görəcəyik".
Qeyd edək ki, AFFA-nın italyan mütəxəssislə anlaşması bu seçmə mərhələnin axırında - yəni, Belçika ilə görüşdən sonra başa çatacaq.