"Kapitan kimi demək istəyirəm ki, belə şeylər bizim üzərimizə düşür"
“Yoxlama görüşlərində qarşılaşacağımız rəqiblər zəif deyillər, oynayıb gücümüzü görəcəyik”.
mediasport.az xəbər verir ki, bunu “Kəpəz”in futbolçusu Tural Axundov klubun mətbuat xidmətinə müsahibəsində deyib.
Gəncə klubunun kapitanı Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirib. 35 yaşlı müdafiəçi yoxlama görüşlərinin mövsümün ikinci yarısı üçün vacib olduğunu bildirib: “Toplanış müddətində keçirilən oyunların nəticəsi əsas götürülmür. Vacib olan çatışmazlıqları görüb aradan qaldırmaqdır. Ona görə də belə görüşlər hər bir klub üçün önəmlidir. Rəqiblər xarici komandalar olduğundan, meydanda rəqabət, həyəcan olur. Qarşıda çempionatın daha iki dövrəsi durur. Ona görə yaxşı hazırlaşmalı, daha yaxşı çıxış etməliyik”.
Axundov komandanın formalaşmasında təcrübəli oyunçuların mühüm rol oynadıqlarını düşünür: “Heyətdə həm gənc, həm də təcrübəli futbolçular var. Sıralarımızda komandaya yeni qoşulan futbolçular da yer alıblar. Düzdür, uyğunlaşma prosesi vaxt aparandır. Amma bir kapitan olaraq demək istəyirəm ki, belə şeylər bizim üzərimizə düşür. Çalışırıq ki, tez adaptasiya olsunlar”.
“Kəpəz” Antalya toplanışı çərçivəsində yanvarın 14-də “MTK Budapeşt” (Macarıstan), 16-da “Novi Pazar” (Serbiya), 18-də isə “Kaysar”la (Qazaxıstan) yoxlama görüşü keçirəcək.