"Kəpəz"in yeni baş məşqçisi: "Səviyyəli futbolçular almaq istərdik"
Tərlan Əhmədovla əməkdaşlığı davam etdirməyən "Kəpəz" bu gün Azər Məmmədovu rəsmən baş məşqçi postuna təyin edib.
mediasport.az xəbər verir ki, 47 yaşlı mütəxəssislə 1+1 şərtilə müqavilə imzalanıb.
Son olaraq "Səbail"də Şahin Diniyevin köməkçisi işləmiş məşqçi mərasimdən sonra jurnalistlərə açıqlama verib, təyinatı barədə bunları deyib: "Bu məsuliyyətli və şərəfli işi mənə həvalə etdiyi üçün klub rəhbərliyinə təşəkkür edirəm. "Kəpəz"in tarixi, adı var. Gəncə futboluna da məhz iddialı komanda yaraşır. İşlərimizi sağlam və şəffaf şəkildə görəcəyik. Çalışacağıq ki, ən yaxşısını edək".
Məmmədov komandanın büdcəyə uyğun formalaşdırılacağını bildirib: "Biz də daha səviyyəli futbolçuların alınmasını istərdik. İnanırıq ki, "Kəpəz"ə sponsorluq etmək istəyən gəncəlilər tapılacaq. Özü getmək istəyən futbolçuları saxlamağa ehtiyac yoxdur. Biri də var ki, kimlərəsə artıq pul təklif olunur, onlar da bundan istifadə edirlər. Düzdür, yaxşı futbolçuların gedişinə təəssüflənirik. Amma həyatın sonu deyil. Gedənlərin yerlərini dolduracağıq. Bu mövsüm mümkün qədər yuxarı pillələri tutmağa çalışacağıq. Danışıq apardığımız futbolçular var. Əlimizdəki büdcə ilə mehriban və mübariz kollektiv yaratmağa çalışacağıq. Gəncə elə şəhərdir ki, burada futbolçu öz-özünə yetişir. Sadəcə, şəhər futbolda bir neçə il itirdiyi üçün müəyyən boşluqlar yaranıb. Ötən mövsüm "Kəpəz"dən ayrılan gəncəli oyunçuları qaytarmaq istəyirik".