"Komanda oyunu oynadıq və qələbə qazanmaq çətin olmadı"
"NTD-İndiqo"nun basketbolçusu Rəşid Abbasov cari mövsüm komandasının çıxışı haqda fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, öncə Azərbaycan Basketbol Liqasındakı (ABL) çempionluq yarışından söz açıb:
"Heyətə səviyyəli azərbaycanlılar və xaricdən gələn təcrübəli oyunçular daxildir. Hamı çempionluq uğrunda mübarizəyə hazırdır. Çempionluq şansımız kifayət qədər yüksəkdir".
Abbasov daha sonra yarışın 8-ci turunda "Cəlilabad" üzərində qazandıqları qələbəni (108-93) dəyərləndirib:
"Komanda əla oynadı. Xüsusən də Əkbər Məmmədov və Murad Babayevi qeyd edərdim. Komanda oyunu oynadıq və qələbə qazanmaq çətin olmadı. Komanda yoldaşlarım məni meydançada tapırdılar, sadəcə, öz işimi görürdüm. Düzdür, hesabımda +20 xal olan ilk görüşümdür, amma əminəm ki, sonuncu olmayacaq".
Rəşid növbəti matç - "Şəki" ilə görüş haqda isə bunları deyib:
"Qələbə qazanmaq əzmindəyik. Matça hazırlaşırıq və əminəm ki, bu dövrəni daha bir qalibiyyətlə başa vuracağıq. İlk dövrədə 7 qələbə qazanmışıq və cəmi 1 məğlubiyyətə üzləşmişik. Fikirləşirəm ki, yaxşı vəziyyətdəyik. Liqada birinci dövrəni bir məğlubiyyətlə başa vuracağıq. Bu da kifayət qədər yaxşı nəticədir".
Xatırladaq ki, 8 turda 15 xal toplayan Xaçmaz təmsilçisi "NTD-İndiqo" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.