"Komandamızın səviyyəsini gördük” - Millimizin baş məşqçisi

"Komandamızın səviyyəsini gördük” - Millimizin baş məşqçisi

“Olduqca vacib toplanışı geridə qoyduq. Düşünürəm ki, bu matçlar bizim üçün kifayət qədər faydalı oldu. Çünki komandamızın səviyyəsini gördük”.

Mediasport.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis 10 günlük hazırlıq prosesində səhərlər məşq, axşamlar isə yoxlama oyunları keçirdiklərini bildirib:

“Bu müddətdə 15 görüşə çıxdıq, yalnız 1-də məğlub olduq. Həmin oyunda da başabaş mübarizə apardıq. Lakin ən uzunboylu basketbolçumuz barmağından zədəli olduğu üçün matçda iştirak edə bilmədi. Bu da bizə çətinlik yaratdı. İstanbul çempionu "Qalatasaray"a qalib gəldik. Qarşılaşdığımız bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də üz-üzə gəlmişdik. U-14 kollektivi ilə də başqa bir oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Sevindirici haldır ki, toplanışı peşəkarlıqla başa vurduq. Qızları hazırlaşdırmağa davam edəcəyik”.