Dünya şöhrətli güləşçimiz: "Azərbaycanın bayrağını fəxrlə, qürurla qaldırıram" - MÜSAHİBƏ
Dünya qadın güləşinin canlı əfsanələrindən biri, Azərbaycan yığmasının lideri Mariya Stadnik Mediasport.az saytına EKSKLÜZİV müsahibə verib.
İşləriniz necədir? Qarşıdakı yarışlara hazırlaşırsız?
- Hazırda Bakıdayam. Bəli, növbəti yarışlara hazırlaşıram. Dünya çempionatından sonra bir qədər istirahət verilmişdi. Məşqlərimiz davam edir.
İkiqat dünya və onqat Avropa çempionu, 4 dəfə olimpiya mükafatçısı kimi, indi qarşınıza qoyduğunuz növbəti hədəf nədir?
- Yeni məşqçimiz Toğrul Əsgərovun rəhbərliyi altında çalışırıq. Paris olimpiadasına lisenziya turnirinə hazırlaşıram. Aprel ayında Bakıda keçiriləcək. Əlbəttə ki, hədəfim olimpiadaya getmək və orada da medal qazanmaqdır.
Ötən ay Serbiyada keçirilmiş dünya çempionatında uğursuz çıxışınızı nə ilə izah edə bilərsiz?
- Yarışa düzgün hazırlaşa bilməmişdim. Psixoloji olaraq da yüklənmişdim. Məşqlərdə verilən taktiki tapşırıqların üzərində yaxşı hazırlaşmamışdım. Digər tərəfdən, baş məşqçi də mənim qələbə qazanacağıma inanmırdı. İdmançı üçün bu, çox vacib məqamdır.
Necə fikirləşirsiz, indiki məqamda sizin fiziki, psixoloji və ailə vəziyyətiniz qarşıdakı yarışlarda daha yaxşı nəticələr qazanmağınıza imkan verəcək?
- Bəli, uğursuzluqdan da nəticə çıxarmışam. İnanıram ki, yeni məşqçi də daha yaxşı hazırlaşmağıma kömək olacaq. Toğrul Əsgərov Olimpiya çempionudur və qələbə qazanmaq üçün nə etmək lazım olduğunu çox yaxşı bilir. Yaxşı nəticə qazanacağıma inanıram.
Digər qadın güləşçilərimiz, xüsusən yerlilər haqda nə deyə bilərsiz?
- Azərbaycanlı qadın güləşçilər yaxşı nəticələr qazana bilərlər. Sadəcə, onlarla işləmək lazımdır.
Əsas medal və lisenziya ümidlərimiz olan sərbəst güləşçilərimiz də Belqraddakı dünya çempionatında uğursuz çıxış etdilər. Siz təcrübəli idmançı kimi, bunun səbəbini nədə görürsüz?
- Bu dünya çempionatı çox ağır, çətin keçdi. Üstəlik, sərbəst güləş komandamız yeni məşqçilər korpusunun rəhbərliyi altında hazırlaşmışdı. Təbii ki, yeni məşqçinin işləyib özünü göstərməsi, nəticə verməsi üçün zaman lazımdır. Fikrimcə, onlar olimpiadaya daha çox lisenziya qazana biləcəklər. Bunun üçün potensialları və qarşıda yarışları var.
Artıq 2-3 ildir ki, yaşınızla əlaqədar güləşdən gedəcəyiniz danışılır. Nə fikirləşirsiz?
- Söz-söhbətlər hər zaman olur. Mən peşəkar idmançıyam və davam edirəm. Nə vaxt getmək qərarı versəm, hamının xəbəri olacaq.
Təbii ki, biz karyeranızı başa vurmağınızı istəmirik. Siz Azərbaycan üçün çox qiymətli, dəyərli və peşəkar idmançılardan birisiz. Xüsusən milliləşdirilmiş idmançılarımız arasında hər zaman seçilirsiz.
- İndi bütün gücümlə 5-ci olimpiadaya hazırlaşıram. Olimpiya oyunlarında 4 dəfə iştirak edib hamısında medal qazanmaqla adımı idman tarixinə yazdırdığımı düşünürəm. Lakin bununla kifayətlənmirəm. Olimpiya çempionluğunu - qızıl medal istəyirəm.
Övladlarınız hansı idman növü ilə məşğul olur?
- Oğlumun 13 yaşı var, futbola gedir. “Vətən” futbol məktəbində hazırlaşır, məşq edir. Əvvəllər idman gimnastikası ilə məşğul olan 10 yaşlı qızım isə karateni seçib.
Deməli, həm də futbola baxmağa başlamısız...
- Bəli, futbolu da sevirəm. Həm televizordan baxıram, həm də oğlumun bütün oyunlarına gedirəm.
Oğlunuz İqorun istedadı, potensialı barədə nə fikirdəsiz – gələcəkdə yaxşı futbolçu ola bilər?
- İndi mənim üçün ən vacib olan odur ki, oğlum sevdiyi, xoşladığı idman növü ilə məşğuldur. Bilirsiz ki, futbolda da çox güclü, böyük rəqabət var. Hər şey onun özündən asılıdır. İnanıram ki, yüksək səviyyəli futbolçu ola biləcək.
Övladlarınızın Azərbaycan milli komandalarında çıxış etmələrini istəyərdiz, yoxsa Ukrayna?..
- Biz artıq Bakıda yaşayırıq. Ötən ildən məlum hadisələrə görə buraya köçmüşük. Uşaqlarım burada məktəbə gedirlər. Buna qədər onlar yalnız Ukraynada yaşamışdılar. Birdən-birə mühit dəyişmək onlar üçün asan deyildi. Çətin oldu. Ancaq sevinirəm ki, artıq Azərbaycana öyrəşiblər. Bakıda çoxlu dostları var. Gələcəkdə necə olacağını indidən deyə bilmərəm. Dünyada o qədər gözlənilməz hadisələr baş verir ki...Harada yaşayacağımızı bilmirik. Əgər həmişəlik Bakıda qalası olsaq, əlbəttə, övladlarım yaşadıqları ölkənin milli komandalarında çıxış etməlidirlər. Bunu zaman göstərəcək.
Sizin Azərbaycan dilində bir neçə söz öyrəndiyinizi bilirik. Bəs uşaqlar, onlar Azərbaycan dilini öyrənirlər?
- Əlbəttə, uşaqlarım məktəbdə Azərbaycan dilində təhsil alırlar. Artıq mən də Azərbaycan dilində çox sözü öyrənmişəm, bəzliərini başa düşürəm. Məşqdə komanda yoldaşlarım, qızlar da mənə öyrənməkdə kömək edirlər.
Azərbaycanlılara, sizi sevənlərə ürək sözləriniz var?
- Məni çox yüksək səviyyədə qarşıladığınız, hörmət qoyduğunuz və sevdiyiniz üçün hamınıza minnətdaram. Burada özümü heç vaxt qonaq kimi hiss etməmişəm. Azərbaycanı çox sevirəm. Bu xalq bizə, mənə, ailəmə hər zaman dəstək olub. Ona görə beynəlxalq arenalarda Azərbaycanın bayrağını ürəklə, fəxrlə, qürurla qaldırıram. Sona qədər də belə olacaq.
Elvin