"Görünən budur ki, Kloze ona..." - "Kicker" Mahir haqda nələr yazdı?
Almaniyanın məşhur "Kicker" nəşri 2-ci Bundesliqada yarışan "Nürnberq"in hücumçusu Mahir Emrelinin çıxışlarını dəyərləndirib.
Mediasport.az xəbər verir ki, portalda Azərbaycan millisinin forvardı haqda müsbət fikirlər yer alıb.
Qeyd edilib ki, 8-ci tur çərçivəsində "Pröyssen"lə (Münster) ev görüşündə (3:2) 72 dəqiqə meydanda olan Mahir yaxın gələcəkdə komandanın liderinə çevriləcək potensialdadır:
"O, liqaya uyğunlaşır və artıq daha yaxşı təsir bağışlayır. Azərbaycanlı hücumçu son oyunda üç dəfə qapıya zərbə ilə yadda qaldı. Bu, qolun çox uzaqda olmadığının göstəricisidir. Emreli "Pröyssen"lə matçda sürət rekordunu da yenilədi - 33,8 km/saat. Onun təkbətək mübarizələrdən qalib ayrılmaq göstəricisi 70 faiz, uğurlu driblinqləri isə 50 faizlə dəyərləndirilir. Çatışmazlıqları hava mübarizələri ilə bağlıdır - 14 faiz".
Nəşr nürnberqlilərin məşhur baş məşqçisi Miroslav Klozenin Mahirə davamlı olaraq şans verəcəyini yazıb:
"Pröyssen"lə qarşılaşmada qol vurmağa çox yaxın oldu. Qapıçı komandasını yüzfaizlik qoldan xilas etdi. Görünən budur ki, Kloze azərbaycanlıya start heyətində daha çox güvənəcək".
Xatırladaq ki, 27 yaşlı futbolçu yayda Almaniya klubu ilə 1 illik müqavilə bağlayıb.