Azarkeşlərdən narazılıq edən milli üzvü: "Məndən daha yaxşısı varsa, problem deyil, ehtiyatda qalaram"

Azarkeşlərdən narazılıq edən milli üzvü: "Məndən daha yaxşısı varsa, problem deyil, ehtiyatda qalaram"

Futbol üzrə Azərbaycan milli komandasının müdafiəçisi Höccət Haqqverdi mediasport.az saytına açıqlama verib.

"Neftçi"nin 30 yaşlı futbolçusu yığmanın çıxışları və qarşıdakı oyunlar barədə fikirlərini bölüşüb, millinin italyan baş məşqçisi Canni De Byazidən giley-güzar edib.

Milliləşdirilmiş iranlı azarkeşlərin ona münasibətindən də narazılığını dilə gətirib: "Ardııcl bir neçə qələbədən sonra seçmə mərhələdə iki məğlubiyyət aldıq. Azarkeşlər başladılar ki, bu oyunçu xaricidir, legionerdir və s. Bu, doğru deyil. Mən ən yaxşısını etməyə çalışıram. Bəli, bəzi azarkeşlər narazıdır, amma oyunlara baxan əsl fanatlar başa düşürlər ki, mən müdafiənin mərkəzində daha yaxşı çıxış edirəm, sağda isə əlimdən gələni əsirgəmirəm. De Byazinin mənə xüsusi simpatiya göstərməsi fikri doğru deyil. O, özünü sevir, yaxşı nəticələr olmasa, evinə gedəcək. Baş məşqçi, sadəcə, özü barədə düşünür. Məndən daha yaxşı futbolçu varsa, problem deyil, ehtiyatda qalaram. Amma meydandayamsa Azərbaycan bayrağı üçün döyüşürəm. Bəli, ola bilər ki, bura mənim ölkəm deyil, lakin bu forma, bayraq üçün vuruşuram. Meydana bütün ürəyimlə çıxıram, başımı topun qarşısına qoymağa hazır oluram. Bu, ölkə ilə bağlı deyil. Hər zaman ən yaxşısını edirəm. Bəzən alınır, bəzən yox”.

Höccət yığmamızın iyunun 17-də Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi oyunla bağlı bunları deyib:

- Estoniya yığması İsveç və Avstriya qədər güclü deyil, amma yaxşı komandadır, oyunlarını izləmişik. Deyə bilmərəm ki, çox asan olacaq və biz qələbə qazanacağıq. Onlar da bizim kimidirlər. Öz meydanımızda oynayacağıq. Qələbə qazanıb, yaxşı başlanğıc istəyirik. Çünki növbəti iki oyun da Bakıda olacaq və şanslarımız var. Estoniya ilə görüşdə hücum futbolu oynamalıyıq.

Avstriya və İsveç səfərlərində müdafiədə olmaq düzgün idi, lakin estonlarla matçda daha çox hücumda olmalı və qələbə qazanmalıyıq.