"De Byazinin qalmasının tərəfdarı deyiləm - Başqa baş məşqçi ilə daha uğurlu nəticə qazana bilərik"

"De Byazinin qalmasının tərəfdarı deyiləm - Başqa baş məşqçi ilə daha uğurlu nəticə qazana bilərik"

Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş hücumçusu Rauf Əliyev Mediasport.az saytına müsahibə verib.


İsveçlə oyundan əvvəl ölkə futbolunda xidmətlərinizə görə rəmzi olaraq qızılı rəngdə çərçivəyə salınan Azərbaycan millisinin forması və xüsusi hədiyyə ilə təltif olunduz...Təəssüratlarınız maraqlıdır.

- Qarşılaşmadan iki gün əvvəl bizi stadiona dəvət etdilər. Belə bir mükafat alacağımızı oyundan əvvəl bildik. Millidəki zəhmətimizi unutmayaraq bizə sürpriz etdiklərinə görə AFFA-nın rəhbərliyinə, baş katib Sərxan Hacıyevə və Gənclər və İdman Naziri Fərid Qayıbova təşəkkürümü bildirirəm.

Milli komandamızın AVRO-2024-ün seçmə mərhələdəki çıxışlarını necə dəyərləndirirsiz?

- Yığmamızın startı uğurlu olmadı. Avstriya və İsveçə qarşı böyük hesablı məğlubiyyətlər, Estoniya ilə evdə xal itirməyimiz bunu deməyə imkan verir. Daha sonra Estoniya üzərində səfər qələbəsi, İsveçə darmadağınla qalib gəlməyimiz yığmadakı əhval-ruhiyyəni yaxşılaşdırdı. Baş məşqçi De Byazi əsas heyəti gec formalaşdırdı. Məhz bu amil millimizin daha çox xal toplamasına mane oldu.

Uzun illər yığmamızın əsas hücumçusu olmusuz. Sizin dönəmdəki millinin hücum xətti daha güclü idi, yoxsa hazırkı?

- Bizim vaxtımızla indiki dönəmi müqayisə etmək istəməzdim. Hər dövrün yaxşı hücumçuları olub. Bu məsələyə futbol mütəxəssisləri və azarkeşlər münasibət bildirə bilərlər.

Emin Mahmudovun tarixə düşəcək qolu haqda nə deyə bilərsiz?

- Eminin qolu həqiqətən gözəl alındı. Rəqib qapıçının irəlidə olmasını bizim futbolçular sezmişdilər. Daha öncə Toral və Ramil belə  uzaq zərbə ilə yoxlamaq istəyirdi, onlarda alınmamışdı. Belə qolu Emin kimi düşünmə, meydanı görmə bacarığı yüksək olan futbolçu vura bilərdi. Həmin qol azarkeşlərə daha da möhtəşəm hisslər yaşatdı.

Bu gün Belçika ilə səfər oyunumuz var...

- İki günlük fasilədən sonra Belçikaya qarşı oynamaq çətin olacaq. Rəqib qrupdan çıxmasını təmin etsə də, doğma meydanda azarkeşlərini sevindirməyə çalışacaq. Səfərdən bir xalla qayıda bilsək, bizim üçün əla nəticə sayılacaq.

Sizcə, Canni De Byazi ilə müqavilə yenilənməlidir, yoxsa yola salınmalıdır?

- De Byazinin qalmasının tərəfdarı deyiləm. İsveç üzərində qələbəyə aldanmalı deyilik. Hal-hazırda yığmamız keyfiyyətli futbolçulardan formalaşıb. Milli komandamız başqa baş məşqçi ilə daha uğurlu nəticə qazana bilər.

Məşqçilik kurslarına başlamısız - dərsləriniz necə gedir?

- Kurslar davam edir. Böyük ehtimalla, bu ay yekunlaşacaq. Çalışıram, oxuduqlarımdan və bildiklərimdən yararlanaraq gənc futbolçulara dəstək olum.