Millimiz qrupda qaldı

Millimiz qrupda qaldı

Kişi həndbolçuların 2026-cı il Avropa çempionatının Bakıda keçirilən ilkin təsnifat turnirinə yekun vurulub.

mediasport.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən yarışın son günündə həndbolçularımız Kipr kollektivi ilə qarşılaşıblar.

İlk oyunda Maltaya qalib gələn, ardınca Böyük Britaniya seçməsinə uduzan milli komandamız qrupda ikinci yeri tutmaq üçün mütləq qələbə qazanmalı idi. Kipr həndbolçuları da öz növbələrində 27 top fərqli qələbə qazanmaqla qrupu lider başa vuracaqdılar. Gərgin mübarizə ilə yadda qalan oyunda 32:23 hesabı ilə qələbə çalan kiprlilər təsnifat yarışını 2-ci, Azərbaycan millisi 3-cü pillədə başa vurub.

Günün digər matçında Böyük Britaniya komandası Maltaya 44:14 hesabı ilə qalib gəlib.

Beləliklə, yarışın nəticələrinə əsasən, iki qələbə və bir heç-heçə ilə aktivinə 5 xal yazdıran Böyük Britaniya kollektivi eyni xala malik Kipr millisini topların nisbətinə görə qabaqlayaraq Avropa çempionatının növbəti təsnifat mərhələsinə lider kimi vəsiqə qazanıb.