"Musanın gəldiyi Azərbaycan çempionatı kifayət qədər güclü deyil"
Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlının heyətində çıxış etdiyi "Yurqorden" klubunun baş məşqçisi Tomas Lagerlöf maraqlı açıqlama verib.
mediasport.az xəbər verir ki, mütəxəssis futbolçumuzun tam ideal formada olmamasını Azərbaycan çempionatının səviyyəsi ilə əlaqələndirib.
52 yaşlı çalışdırıcı Musanın məhz bu səbəbdən tempə düşməyə çətinlik çəkdiyini deyib: "Onun gəldiyi Azərbaycan çempionatı kifayət qədər güclü deyil. Musanın hələ ümumi komanda ilə temp fərqi var. Sabiq komandası “Qarabağ” çox güclüdür, amma liqalarındakı digər iştirakçılar o qədər yaxşı deyillər. Ona görə hazırda yüksək tempdə oynamaqda çətinlik çəkir. Uyğunlaşmaq üçün zamana ehtiyacı var”.
Lagerlöf deyib ki, zaman keçdikcə Musaya daha çox oynamaq imkanı verəcək: "İndiki reallığa görə kifayət qədər şans əldə edir, avrokuboklarda “Lütsern”lə ev matçında da ilk dəqiqələrdən meydanda oldu. Ümid edirəm ki, məşqlərdə öz üzərində çalışmaqda davam edəcək. Biz onu növbəti oyunlarda daha çox görə biləcəyik”.
Qeyd edək ki, Musa Qurbanlı yay fasiləsində “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.