Federasiya rəsmisi Qran-pri qalibi Dadaş Dadaşbəyli ilə görüşüb
Azərbaycan Ağırlıqqaldırma Federasiyasında (AAF) Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-Pri yarışının qalibi Dadaş Dadaşbəyli ilə görüş baş tutub.
Mediasport.az xəbər verir ki, federasiya prezidenti Kamran Nəbizadə bu turnirdə təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və yekun sıralamada da qızıl medal qazanaraq çempion olan atleti təbrik edib, qələbəsi üçün təşəkkür edib, növbəti yarışlarda uğurlar arzulayıb.
Federasiya rəsmisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana olan diqqətindən söz açıb:
"Məhz bunun nəticəsində idmançılarımız müxtəlif beynəlxalq yarışlarda qələbələr qazanır, bayrağımızı yüksəldir, himnimizin səslənməsinə nail olurlar. Dadaşbəylinin uğuru da bu qəbildəndir. Bu qələbələr hamımızı fərəhləndirir və qürurlandırır, idmanımızın inkişafına təkan verir".
AAF rəsmisi belə görüşlərin mütəmadi olacağını bildirib, federasiyanın məqsədyönlü fəaliyyətinin nəticə verəcəyinə, Avropa və dünya çempionatları, Olimpiya Oyunları və digər beynəlxalq yarışlarda növbəti nailiyyətlərə inamını ifadə edib.
Dadaşbəyli bu görüşün ona böyük stimul olacağını bildirib. Atlet bundan sonra da ona olan etimadı doğrultmaq üçün əlindən gələni edəcəyini deyib.