"Gələcək hədəflərim olimpiada və dünya çempionatlarında iştirakdır"

"Gələcək hədəflərim olimpiada və dünya çempionatlarında iştirakdır"

"Yarışdan əvvəl medal sayının çox olacağına inanırdıq".

Mediasport.az xəbər verir ki, bunu Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Aslan Əmiraslanov ( 89 kiloqram) deyib.

O, yarışdakı rəqiblərinin güclü olduğunu bildirib: "Lakin biz də ruhdan düşmədik və özümüzü sübut etməyi bacardıq. Gələcək hədəfim Olimpiya Oyunlarında və dünya çempionatlarında iştirak etməkdir".

Qızlardan ibarət yığmanın üzvü Nuray Əbilova medal sayının çoxluğuna görə xoşbəxt olduğunu söyləyib: "Yarışa çox ciddi hazırlaşırdıq. Azərbaycana yüksək nəticələrlə dönmək istəyirdik. Bunu da bacardıq. İndi daha çox çalışmalıyıq".

Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan millisi ümumilikdə 18 medal (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanıb.

Bu nəticələrə əsasən, Azərbaycan seçməsi 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında ikinci yeri tutub.

Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adına isə 742 xalla Gürcüstan sahib çıxıb.