Olimpiya təsnifat yarışı: Bakıda medal görüşləri keçirilməyəcək

Olimpiya təsnifat yarışı:  Bakıda medal görüşləri keçirilməyəcək

Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin reqlamentini dəyişib.

Mediasport.az UWW-nin rəsmi saytına istinadən xəbər verir ki, yeniliklər gələn il Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində də tətbiq olunacaq.

Dəyişikliyə əsasən, yarışda təsəlliverici və medal görüşləri olmayacaq. Yarımfinalda qalib gələrək, finala adlayan idmançılar ölkələrinə öz çəki dərəcələrində Olimpiya lisenziyası qazandıracaqlar.

Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat turnirində isə hər çəkidə 3 lisenziya oynanılacaq. Finala vəsiqə qazananlarla yanaşı, 3-cü yer uğrunda görüşün qalibləri də Paris olimpiadasında iştirak hüququ əldə edəcəklər. İstanbuldakı yarışda da final qarşılaşmaları keçirilməyəcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 4-7-də, Dünya Olimpiya Təsnifat turniri isə mayın 9-12-də təşkil olunacaq.