Qurban Qurbanov: "Onların nə qədər əziyyət çəkdiyini görürəm"
"Kəpəz" və Azər Məmmədovu təbrik edirəm, yaxşı mübarizə apardılar. Oyunumuz istədiyimiz kimi alınmadı. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda bizi vacib oyun gözləyir. Komandanı toparlayıb, hazırlıq səviyyəsinə gətirməliyik ki, "Olimpiya"ya qarşı matçda hər şey qaydasında olsun".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə (1:1) oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb...
Musa Qurbanlı İsveç çempionatında daha 2 qol vurdu, bir məhsuldar ötürmə verdi. Onun haqda nə deyə bilərsiz?
- Xəbərim var idi ki, bu gün oynayacaqlar. Etdikləri sevindirici haldır, buna ancaq sevinirəm. Amma oyuna baxmamışam. Çalışacam ki, izləyim. Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox sevinəcəm.
UEFA reytinqinə daha çox xal gətirən komanda "Qarabağ"dır. Digər klublarımız isə bunu edə bilmir. Sizcə, niyə bir ölkənin reytinq yükünü yalnız "Qarabağ" üzərinə götürməlidir?
- Bu barədə çox fikir bildirməyim düzgün olmaz. İnanıram ki, gələcəkdə xallarımız çoxalar. Səhv etmirəmsə, "Sabah" bu mövsüm üç oyunda qalib gəldi və az xal gətirmədi. Eləcə də "Neftçi". Bəlkə də bizim oyun sayımız çox oldu, hansısa oyunumuz uğurlu alındı deyə, daha çox xal topladıq. İnanıram ki, gələcəkdə reytinqimiz daha da artar. Görünən odur ki, klublarımız son vaxtlar uğurlarına daha çox vaxt ayırırlar.
Luka Quqeşaşvilinin komandadan ayrılması, Kadi Borgesin icarə əsasında geri qayıtması nə dərəcədə realdır?
- Məndə belə məlumat yoxdur. Kadi ilə danışığımız olmayıb. Qapıçı məsələsi ilə bağlı da bir şey yoxdur.
"Zirə" hazırda liderdir, dörd oyuna maksimum nəticə göstəriblər. Bu, sizin üçün xoş sürprizdir?
- Sürpriz deməzdim. Buna sevinirəm. Çünki tanıdığım insanlar, məşqçilər var orada. Onların nə qədər əziyyət çəkdiyini görürəm, bilirəm. Rəşad Sadıqov da birincilərdəndir. "Zirə" rəhbərliyi və Rəşad Sadıqov futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda istənilən nəticə ola bilər. Sevinirəm, "Zirə"yə və Rəşad Sadıqova uğurlar arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı nəticələr çox olacaq.
4 oyuna 7 xal toplamısınız.
- Bəli, əvvəllər bəlkə bu dönəmdə daha yaxşı nəticələr olub. Amma vəziyyəti nəzərə almaq lazımdır. Daha çox futbolçuların üzərinə yük düşür. İki gün səfərdə, iki gün burda oluruq. Bunlar heç də asan deyil. Başqa iqlimə adaptasiya oluruq, daha sonra yenidən qayıdırıq Bakıya. Asan deyil. Məşq prossesi pozulur. İki gün səfərdə olanda normal məşq edə bilmirsən. Amma qarşıdakı günlərdə, aylarda bunu yoluna qoyacağıq. Belə xal itkiləri olanda bəzən sevinirəm. Çünki futbolçu qarşıdakı matçlara daha ciddi hazırlaşacaq. Görürlər və hamımız da bilirik ki, sıradan komanda yoxdur. Hamıya qarşı tam məsuliyyətlə hazırlaşmalıyıq.
Andrey Lunyovun çıxışına necə qiymət verərdiz?
- Bizdə qiymət yoxdur. Çıxışı normal idi. İlk oyununa çıxdı. Düşünürəm ki, daha yaxşı olacaq.