"Oyunumuz istədiyimiz kimi alınmadı" - Millinin voleybolçusu
Kişilərdən ibarət voleybol üzrə milli komandamızın üvü Ramazan Ağabəyov Avstriya ilə oyun barədə fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, yığmanın blokçusu Avstriyanın təcrübəli voleybolçulardan təşkil edildiyini söyləyib:
"Təsnifat mərhələsindəki ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli oyunçular çox idi və bu voleybolçular oyunun həlledici anlarında komandalarına kömək etdilər. İlk hissədən fərqli olaraq, ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik. Özümüz də çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu".
Ağabəyov Belçika ilə oyun haqda da danışıb:
"Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya matçından sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
AVRO-2026-nın təsnifat mərhələsinin B qrupunda mübarizə aparan yığma səfərdə keçirdiyi ilk görüşdə Avstriyaya 0:3 hesabı ilə uduzub. Növbəti matç avqustun 24-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Belçikaya qarşı keçiriləcək.