Paralimpiya çempionu: "Qələbəmi bütün şəhidlərimizə həsr edirəm"
Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan İmaməddin Xəlilov (K44, 70 kiloqram) və bürün medala sahib çıxan Sabir Zeynalov (K44, 58 kiloqram) turnirlə bağlı fikirlərini bölüşüblər.
Mediasport.az xəbər verir ki, İmaməddin turnirdə birinci olan ilk azərbaycanlı parataekvondoçu olduğu üçün xoşbəxt olduğunu bildirib:
"Özümlə qürur duyuram. Sosial şəbəkələrdə çoxlu dəstək mesajları alırdım. Bilirdim ki, çempion olacağam. Bu nəticə gələcəkdə digər idmançılar üçün də əlavə stimul olacaq. Qələbəmi bütün şəhidlərimizə həsr edirəm".
Bürünc medalın sahibi Sabir Zeynalov isə etdiyi səhvlərin üzərində işləyəcəyini deyib:
"Psixoloji olaraq çox yaxşı vəziyyətdə idik. Məqsədim qızıl medal qazanmaq idi. Təəssüf ki, bəzi səhvlərə görə alınmadı. Görüş zamanı iki dəfə cərimə aldım və son saniyələrdə isə çatdıra bilmədim. İnanıram ki, "Los Anceles-2028" Yay Paralimpiya Oyunlarında Azərbaycanı sevindirəcəyəm".
Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc) qazanıblar.
İmaməddin Xəlilov qızıl, Sabir Zeynalov bürünc medala yiyələnibsə, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib.
Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. 3-cü sırada Böyük Britaniya komandası yer alıb.
Parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.