Kişi millimiz ilk məğlubiyyətini aldı, qadın yığmamız "sülh" bağladı
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
Mediasport.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri 5-ci tur görüşlərini keçiriblər.
Kişilərdən ibarət yığmamız Hindistan seçməsinə 1:3 hesabı ilə uduzaraq yarışda ilk məğlubiyyətini alıb.
Aydın Süleymanlı ilə Rauf Məmmədov məğlub olub, Nicat Abasov və Şəhriyar Məmmədyarov heç-heçə edib.
Komandamız 5 turdan sonra 8 xal qazanıb.
Qadınlardan ibarət yığmamız isə Ukrayna ilə "sülh" bağlayıb - 2:2.
Gövhər Beydullayeva qələbə qazanıb, Günay Məmmədzadə uduzub, Ülviyyə Fətəliyeva və Xanım Balacayeva xalları yarı bölüb.
Qadın komandamızın da aktivində 8 xal var.
Kişilərdən ibarət yığmamız bu gün 6-cı tur çərçivəsində Litva, qadınlardan ibarət millimiz Vyetnam yığmaları ilə qarşılaşacaq.
Xatırladaq ki, kişi komandamız əvvəlki turlarda Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovadan (3:1) güclü olub.
Qadınlardan ibarət komandamız Sloveniya (3:1), Nikaraqua (4:0) və Avstraliyanı (3:1) məğlub edib, Argentina ilə heç-heçə edib - 2:2.