Premyer Liqa klublarına danışılmış oyunlarla bağlı seminar keçirildi

Premyer Liqa klublarına danışılmış oyunlarla bağlı seminar keçirildi

AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə Azərbaycan Premyer Liqası (Əvəzedicilər liqası), Birinci və İkinci Liqa klublarının "Danışılmış oyunlar"a qarşı məsul şəxsləri üçün seminar təşkil olunub.

Mediasport.az xəbər verir ki, futbol yarışlarında nəticələrin manipulyasiya hallarına qarşı mübarizə aparılması AFFA-nın əsas fəaliyyət istiqamətlərindən biridir. Bu sahədə futbol ictimaiyyəti üçün mütəmadi maarifləndirmə işləri aparılır və neqativ əməllərdə iştirakı şübhəli bilinən futbol subyektləri cəzalandırılır.

"Danışılmış oyun" yarışın toxunulmazlıq prinsipini təhlükəyə atır və idman dəyərlərinə xələl yetirir. AFFA-nın yarışın toxunulmazlığı ilə əlaqəli nizam-intizam qaydaları bəllidir. Bundan əlavə, artıq uzun müddətdir ki, futbol yarışlarında manipulyasiya halları ilə mübarizədə AFFA yerli klublar ilə əməkdaşlıq edir. Məlum olduğu kimi, Futbol üzrə Azərbaycan Premyer Liqasında, UEFA-nın klub yarışlarında və I Liqada iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarında “A” Dərəcəli meyar olaraq, klublarda "Danışılmış oyunlar"a qarşı məsul şəxslər təyin edilib.

UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Seminar iştirakçılarına bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda əlavə edilmiş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərə bilərlər:

https://www.affa.az/index.php/news/danlm-oyunlar-v-oyun-nticlrinin-manipulyasiyas/59967