AFFA-nın göndərdiyi ADAM "Sabah" - "Qarabağ" qarşılaşmasında dava-dalaşa səbəb oldu - AÇIQLAMALAR

AFFA-nın göndərdiyi ADAM "Sabah" - "Qarabağ" qarşılaşmasında dava-dalaşa səbəb oldu - AÇIQLAMALAR

AFFA Gənclər Liqasının 6-cı turunun "Sabah" - "Qarabağ" qarşılaşmasında (3:1) xoşagəlməz anlar yaşanıb.

"Ask Arena"da baş tutan görüşün son dəqiqələrində - daha doğrusu, meydan sahibi komandanın 3-cü qolu vurmasının ardından aləm bir-birinə dəyib.

"Qarabağ"ın meydandan çıxan futbolçusu Səbuhi Niftiyev emosiyalarını cilovlaya bilməyərək "Sabah"ın inzibatçısı ilə mübahisə yaşayıb.

Nəticədə dava-dalaş qeydə alınıb, araya klub rəsmiləri də girincə vəziyyət qəlizləşib.

Vəziyyətin ümumən bu həddə çatmasının səbəbkarı isə matçın baş hakim Niyaz Əhmədovun idarəçiliyi, verdiyi yanlış qərarlar olub.

Hər iki klubun məşqçilərinin Mediasport.az saytına verdiyi açıqlamalardan belə başa düşülür.

"Qarabağ"ın baş məşqçisi Vüqar Əsgərli deyir ki, baş hakimin bəzi qərarları futbolçuları özündən çıxardı:

"İki lider komandanın oyunu idi. Emosiyalar digər oyunlara nisbətən daha yüksək idi. Hakimin bəzən inamsız qərarları gənc futbolçuları qıcıqlandırırdı. Futbolda olan situasiyalardır. Oyunçular uduzmaq istəmirdilər. İnanıram ki, gələcəkdə belə hallar olmayacaq".

"Sabah"ın U-19 komandasının məşqçisi Saşa Yunisoğlu isə baş vermiş hadisəni belə şərh etdi:

"Bizim görüşdə 3-cü qolumuz vurulandan sonra videogörüntülərə baxdıq və təmiz qol olduğunu gördük. Oyun zamanı hamı həyəcanlı və hirsli idi. "Qarabağ" tərəfi oyundankənar vəziyyətin olduğunu düşünürdü. Onlar baş hakimə etirazlarını bildirdilər.

Rəqibin oyunçusu əvəzləndikdən sonra meydanın kənarında olan müxtəlif əşyaları, avadanlıqları təpiklə qırmağa başladı. İnzibatçımız Aslan bəy oyunçuya olduqca mədəni formada bildirdi ki, nə üçün belə edirsən? Onların ödənişlərini kim edəcək? Axı onlara cavabdeh şəxs bizik. Futbolçu da qarşılığında ona, "Sən kimsən?" sualı ilə cavab qaytardı.

Hətta onların məşqçisi Məhəmməd Bədəlbəyli inzibatçının üzərinə getməyə başladı. Öncə klub rəsmisinin nə üçün belə hərəkət etdiyini bilmədim. Futbolçunun 17-18 yaşı var. Avadanlıqları qıra-qıra gedir. İnzibatçımız da ondan 10-12 yaş böyükdür. Onun həmin məsələyə reaksiyası normaldır. Nə üçün səbəbini soruşmasın?

Aslan bəyə qarşı xoşagəlməz ifadə də işlədildi. O da hirsləndi və mübahisə yaşandı. Sonradan mən vəziyyəti sakitləşdirməyə çalışdım. "Qarabağ" tərəfi düzgün addım atmadı. Çünki oyunçuya tərbiyə də vermək lazımdır. Bizim futbolçularımız inzibatçıya "müəllim" deyə xitab edirlər.

Məşqçiləri də düzgün rəftar etmədi. Sonradan hər şey qaydasına düşdü. Öz komandamız adından onlardan üzr də istədim. Məncə, həmişə daha mədəni şəkildə davranmaq lazımdır. Böyük-kiçik məsələsi var. İnzibatçı da insandır. Ona da hörmətlə yanaşmaq lazımdır. Həmin uşaqdan nə etdiyini soruşmaq olmaz? Hər şeyi qırmalıdır? Məhəmməd müəllimlə də danışdıq. Artıq heç bir problem yoxdur. Oyundankənar vəziyyət epizodu "Qarabağ" tərəfini hirsləndirdi. Biz təkrarlara baxdıq və vurduğumuz qolda müəmmalı məqam yox idi".

O, tərəflər arasında cərəyan edən mübahisəni baş hakimin qərarları ilə əlaqələndirib:

"Maraqlı oyun keçdi. Çox şükür, qələbə qazandıq. Matçda böyüdüləsi hadisə yaşanmadı. Sadəcə, qalmaqalın yaşanmasına səbəb baş hakim Niyaz Əhmədovun bərbad idarəçiliyi oldu. Bilmirəm, bunu referinin savadsızlığı, yoxsa təcrübəsizliyi ilə əlaqələndirim. Açığı, verdiyi qərarlarda, penalti zərbələrində şübhəli məqamlar vardı, səhvi çox idi".

Baş hakimin düzgün idarəçilik etməməsi problemə yol açdı. Onun qapımıza təyin etdiyi penalti zərbəsi gülməli idi. AFFA-dan xahiş etdik ki, həmin referi bizim oyunlarımıza təyinat almasın"

Azərbaycan millisinin sabiq müdafiəçisi qeyd edib ki, Gənclər Liqası Əvəzedicilər Liqasından maraqlı olduğu üçün yarışa daha təcrübəli hakimləri göndərmək lazımdır:

"Çünki burada uğurlu olan komandalar Çempionlar Liqasına yollanırlar. Yarışda iddialı kollektivlər var: "Sabah", "Qarabağ", "Neftçi" və s. Ona görə də Gənclər Liqasının oyunlarına təcrübəli referilər təyinat almalıdırlar. Artıq həmin oyun geridə qaldı. Baş verənləri çox böyütməyə ehtiyac yoxdur".


Rövşən ƏLİSOY