Qarabağ Dirçəliş Fondu xeyriyyə minifutbol turniri keçirəcək

Qarabağ Dirçəliş Fondu xeyriyyə minifutbol turniri keçirəcək

Azərbaycanda futbolsevərləri bir araya gətirəcək yeni xeyriyyə minifutbol turnirinə start verilir.

Qarabağ Dirçəliş Fondundan (QDF) Mediasport.az saytına verilən məlumata görə, turnir Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, "Veysəloğlu" Şirkətlər Qrupunun baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.

Ölkəmizdə fəaliyyət göstərən şirkətlər Qarabağ Dirçəliş Fonduna 1500 manat məbləğində ianə etməklə turnirdə iştirak edə bilərlər.

Qeyd olunmalıdır ki, turnirdə iştirak etmək üçün komandaların qeydiyyatı 15 mart tarixinədək davam edəcək. Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster” minifutbol kompleksində təşkil olunacaq.

Turnirin reqlamentinə əsasən, qalib adı uğrunda 40 komanda mübarizə aparacaq.

3 ay davam edəcək yarışda ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medal və xüsusi mükafatlarla təltif ediləcəklər.

Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna (MVP) əlavə olaraq xüsusi mükafatlar veriləcək.

Turnirin reqlamenti ilə daha ətraflı revivalcup.az saytında tanış olmaq mümkündür.

Xüsusilə qeyd olunmalıdır ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınan Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.

Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

Əlavə məlumat üçün:

Telefon: +994 (099)  886 69 99

E-mail: info@revivalcup.az