15 iyun - Milli Qurtuluş Günüdür
Əsrlər boyu var olan Azərbaycan xalqı adət-ənənəsinə, vətənpərvərliyə, millətsevərliyə, azadlıq sevdasına sadiq qalaraq 30 il öncə - 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin öncüllüyü ilə Milli Qurtuluşumuzu rəsmən tarixin gözəl yaddaşına həkk etdirdi.
Tarix əbəs seçilməmişdi. Bu, Ulu Öndərin Azərbaycan hakimiyyətinə qayıdışının qarşılıqlı təzahürü, Heydər Əliyevin xalqı xaosdan xilas etməsini özündə birləşdirən əzəmətli bir gün idi.
1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı.
Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız yad təsirlərin, siyasi oyunların, xaos və özbaşınalığın yaratdığı ümidsizliyin girdabında boğulsa da, nəhayət, özündə güc taparaq müdrik qərar verməyi bacardı. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş Ümummilli Liderin Naxçıvandan Bakıya dəvət edilməsi idi.
1993-cü il iyunun 9-da Bakıya dönən Heydər Əliyev mahiyyətcə, məzmunca yeni və daha parlaq bir tarixin yaradıcısı oldu. Bu dönüş, bu qayıdış bütün mənalarda milli qurtuluşumuz, milli nicatımız idi. Bu mənada ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin xalqımız tərəfindən Milli Qurtuluş Günü adlandırılması qədirbilən xalqımızın müdrik rəhbərinə verdiyi tarixi qiymət, öz sabahını müəyyənləşdirmək baxımından verdiyi böyük tarixi qərardır.
1997-ci ildən etibarən rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix XX əsrdə ikinci dəfə əldə etdiyimiz müstəqilliyimizin xilas edilməsi idi.
mediasport.az