"Qarabağ" "Qalatasaray"ı geridə qoyub - UEFA-nın 10 illik reytinqi
Klubların son 10 ildə avrokuboklardakı çıxışlarına əsasən UEFA reytinqi yenilənib.
Mediasport.az xəbər verir ki, 550-dən çox təmsilçinin yer aldığı sıralamada Azərbaycan çempionu “Qarabağ” bir pillə irəliləyib.
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində dünən Cəbəllütariqdə “Linkoln” məğlub edən (2:0) Qurban Qurbanovun komandası cari mövsümdə ilk xallarını əldə edib.
Hesabına 2,50 əmsal yazdıran Ağdam klubunun son 10 ildə ümumi qazancı 52,500-dir.
Komandamız bu göstərici ilə Türkiyə nəhəngi “Qalatasaray”ı geridə qoyaraq, 62-ci pilləyə yüksəlib.
"Qarabağ" eyni yeri İsrailin "Makkabi" (Təl-Əviv) klubu ilə bölüşdürür.
Reytinqdə yer alan digər təmsilçilərimizdən “Neftçi” (11,750 xal) 223-cü sırada qalıb, “Qəbələ” (10,500) 270-ci yerə düşüb.
“Sabah”, “Zirə”, “Sumqayıt”, “Şamaxı”, “Səbail” və “Kəpəz” də geriləyiblər. Onlar 353-cü pilləni bölüşdürürlər.
Sıralamaya 259,000 əmsalla İspaniya nəhəngi “Real” başçılıq edir.