"Qarabağ" yenidən qurulur, "Sabah" ümid verir, "Neftçi" isə... - MÖVQE

"Qarabağ" yenidən qurulur, "Sabah" ümid verir, "Neftçi" isə... - MÖVQE

Avrokuboklar mövsümünə 4 komanda ilə start verən Azərbaycanın yarışdakı təmsilçilərindən "Qəbələ" ilkin mərhələdəcə əli ətəyindən uzun döndü. Heyətinin özəyini saxlaya bilməyən ölkə kubokunun son qalibi Kiprin "Omoniya" klubundan 2 oyuna 7 qol buraxmaqla həyəcan təbili çaldı.

Noqdauna düşmüş Elmar Baxşıyevin komandası, azmış kimi, Premyer Liqaya da darmadağınla başladı. "Əri döymüş arvadı bir yandan da it qapdı" misalı kobud bənzətmə təşkil etsə də, bölgə təmsilçisində vəziyyət daha qəliz görünür. Komandada indi elə görüntü var ki, sanki Allah ümidinə fəaliyyət göstərir.

"Sabah"dan 5 top yeyən, ardınca çempionatın köhnə-yeni klubu, 20 günə formalaşdırılmış "Araz-Naxçıvan"a da məğlub olan "Qəbələ", faktiki mənzərəyə əsasən, liqada qalmaq uğrunda mübarizə aparacaq, nəinki medalçılar sırasına düşmək. Ən ciddi cəhdlə qorunmalı olan qapını yarımpeşəkar Atanqanaya həvalə etmək gələnin də-gedənin də bacadan içəri daxil olmasına şərait yaratmaq deməkdir. Yenilərin adaptasiyasının uzanması da ayrı bir dərd. Möcüzə baş versə, komanda Premyer Liqada 4-5-ci yerlərə iddia edə bilər. Bəlkə də əsas diqqəti kuboka ayıracaqlar. Ötən mövsümdəki kimi. Atalar üçdən deyib axı, neynək, görək Baxşıyev növbəti "sehrli çubuğu" necə icad edəcək.

"Sabah": zamanında haqlı səbəblərdən dəfələrlə tənqid etdiyim komanda haqqın yolunu tapıb desəm, yanılmaram. Sabahı işıqlı görünən Masazır təmsilçisi son mövsümdə uğurlu trayektoriya cızması, bununla yanaşı, sırf nəticəyə deyil, baxımlı futbol nümayiş etdirməsilə də iddiasını ortaya qoyub uğurlu perspektivin ilk siqnallarını verirdi. Davamı cari mövsüm gəlir. Tarixində ilk dəfə avrokuboklarda çıxış edən Murad Musayevin komandasının Latviyanın RFS kollektivini hər iki görüşdə məğlub etməsi bir yana, qədim tarixi, kökü, əməlli ad-sanı olan Serbiyanın "Partizan" klubuna da boy verməsi artıq ciddi planların carçısıdır desəm, yəqin, burda da razılaşarsız mənimlə. Arxı keçməmiş "hoop" deməzləri qoyuram bir kənara, Bakıdakı 2:0-dan sonra Belqradda qeydə alınacaq nəticədən asılı olmayaraq, reallığı deməyə qalxsaq, "Sabah" düzgün yoldadır, vəssalam. "Partizanlar"ı keçərlər, lap əla. Keçməzlər, bunun üçün daha çox çalışarlar, bir az da inkişaf edərlər, böyüyərlər - zəhmət heç vaxt yerdə qalmaz.

"Neftçi": Bakıdakı köhnə tikililər kimi "sökülərək yenidən inşa edilən" Azərbaycanın ən qədim klubu yaxşı günlərini keçirməsə də, cüzi işıq ucu görünür. Fikrimcə, ölkənin tarixi komandasının Azərbaycan futbolunun qənimi, düşməni Elxan Məmmədov və onun əlaltılarından təmizlənməsi "Neftçi"nin gələcək inkişafı baxımından atılmış ən ciddi addımdır. Əlbəttə, bünövrəsi birmənalı keyfiyyətli atılmalıdır. Hər şey burdan başlayır. "Jelezniçar"ı mübarizədən kənarlaşdırmağı qoyun bir kənara, "Beşiktaş"la oyunları, ümumiyyətlə, unudun. Söhbət təzə dil açan uşağın düzgün istiqamətləndirilməsi, ona doğru yön verilməsindən gedir. Rövşən Nəcəf-Fərrux Mahmudov-Adrian Mutu triosunun işə çirmələnərək başlayıb-başlamadağını, edilən yüzminlik transferlərin keyfiyyətinin hansı miqdarda olduğunu, ümumən görülməkdə olan işlərin mənzərə xatirinə yox, keyfiyyət və nəticə üçün edildiyini ən tez mayda görəcəyik, o vaxta sağ qalsaq, inşallah. 3-4 oyuna görə yeni gəlmiş baş məşqçini, yaxud rəhbərliyi asıb-kəsməyi fanatlar edə bilər, anlaşılandı, amma peşəkar jurnalist qətiyyən.

"Qarabağ": Son illər Azərbaycan futbolunda bayraqdar rolunu oynayan Ağdam təmsilçisi də yeniləşmə ərəfəsindədir. Buna daha qlobal, strateji, uzunmüddətli plana hesablanmış yeniləşmə də deyə bilərik. Demək olar, hər mövsüm heyətin 1-2 əsas sütun futbolçusunu (istəyərəkdən və ya məcburən) satan Qurban Qurbanovun komandasının gedənlərin əvəzinə eyni effektdə olanını transfer etməməsi, yaxud Şahruddin Məhəmmədəliyev kimi etibarlı və etibarsız qapıçıya alternativ tapmaması, məsələn, kənardan klubun skaut sisteminin zəif işləməsi görüntüsünü verir. Lakin net cavabı, məncə, "Rakuv"la Bakıdakı oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov verdi. Onun açıqlamaları klubun fərdlər yox, ciddi bir dövlət layihəsi formasında qurulduğuna işarə idi. Yaşıl meydanlarda nə qədər uğursuzluq olsaq belə. Məğlubiyyətlər həmişə olub, "Qarabağ"ın ən həlledici məqamda yenə də uduzduğunu görəcəyik. Lakin məqsəd köklü, balanslaşmış, oturuşmuş və dünyəvi sistem qurmaqdır. Akademiya istiqamətində atılan ciddi addımlar, dövlətlə konkret təmaslar məhz bu layihənin başında gəlir, özəyidir, məncə. Burda ən ali, xüsusi məqam nədir? - "Qarabağ" rəhbərliyinin, o cümlədən ölkədə ciddi persona sayılan Qurban Qurbanovun sağlam tənqidlərə sağlam yanaşması, səbirli rekasiya verməsi! Bu, sadaladağım inkişaf modelinin sürətləndirilməsinin ən təbii formalarından biridir. Tənqid olmayan yerdə inkişafdan danışmaq mənasızdır. Klubun ünvanına məqsədli, sifarişli və siyasi atmacalar, qərəz isə idman jurnalistlərindən gələ bilməz. Söhbət illərdi sahənin içində olan və cüzi qazanc qarşılığında maksimum peşəkar olmağa çalışan idman mətbuatının nümayəndələrindən gedir. Bunu yadda saxlamaqda fayda var.


Elvin ƏHƏD