"Qarabağ"ın bundan sonrakı əsas strategiyası - BAXIŞ BUCAĞI
Davamlı olaraq idman mətbuatı ilə rəsmi və qeyri-rəsmi müzakirələrə səhnə yaradan "Qarabağ" rəhbərliyinin jurnalistlərlə görüşlərə idarəçilər baxımından ən üst səviyyədə qatılması peşəkar klub-komanda anlayışını dərkin başqa bir formasıdır.
Nədənsə qaçmadan-gizlənmədən media mənsubları ilə saatlarla birbaşa diskussiyaya qoşulmaq, jurnalistlərin fikirlərinə xüsusi vaxt və diqqət ayırmaq, təbii ki, elə "Qarabağ" kimi klub-komandaya yaraşacaq iş-addımdır. Nümunə bütün klub-federasiyalar üçün keçərlidir.
Elə Mətbuat Şurasının sədri Rəşad Məcidin "ən güclü jurnalistlər idman jurnalistləridir" deməsi də innovativ düşüncə tərzinin ayrılmaz hissəsidir ki, Ağdam klubunun nüfuzlu rəhbərliyi bunu ciddiyə alır, qələm əhlinə dəyər verir.
Bütün uğurlar və problemlər-çatışmazlıqların fonunda səmimi söhbət pəncərəsi açmaq, canlı ünsiyyətə girib 2-3 saat debatfason polemiklara şərait yaratmaq hər iki tərəfin xeyrinədir, şübhəsiz.
"Qarabağ"ın ciddi inkişafında, uğurlarında idman mətbuatının özünəməxsus payı, rolu, yeri var və gedişat göstərir ki, tendensiya sürətli inkişaf yoluna qədəm qoyan planetin texnoloji əsrində daha kəskin formada davam edəcək. Hər bir halda gözəl təşəbbüsdür və jurnalistlərlə birbaşa ünsiyyətə açılan Tahir Gözəl və sözün hər mənasında komandası bundan karlı çıxacaq, türklər demiş. Mütləq.
Azərbaycan futbolunun axsaq mənzərəsində ölkə adına ciddi uğurların təkbaşına qazanılması fonunda klub-komanda modelinin yeni inkişaf modulunu uşaq futbolunda - sağlam və sanballı təməl, akademiya planında görmək fərqli düşüncə tərzi, müasir futbolla birbaşa ayaqlaşmağa hesablanmış ideologiyadır. Bu, birmənalı şəkildə alqışlanmalı və dəstəklənməlidir.
Tahir bəy demiş, "biz dövlətdən heç bir maddi dəstək istəmirik". Hətta hökumətin Azərbaycan futbolunun inkişafı naminə klublara verdiyi pulu da istəməyib qarşılığında sadəcə, yaxşı infrastrukturu olan akademiya yaratmaq üçün torpaq-ərazi xahişi, fikrimcə, dövlət tərəfindən də bəyənilən və dəstəklənən təklifdir.
Hər halda ölkə başçısı İlham Əliyevin idmana xüsusi və həssas yanaşması, daim maraqlanması, ciddi diqqət və qayğı göstərməsi etalonu var ortada. Və bu üzdən çox böyük ümid edirik ki, hökumət "Qarabağ" rəhbərliyinə istədiyi böyük layihəni həyata keçirməsi üçün kömək əlini uzadacaq. Adamlar ölkə futbolu adına çox ciddi iş görmək istəyirlər.
Gerisi isə sahənin peşəkarlarının görəcəyi işdir. Görülən iş kimi. Dar bir çərçivədə - Azərbaycan futbolunun reallığı fonunda ardıcıl 10 il avrokubokların qrup mərhələlərinə vəsiqə qazanmaq, ölkənin adından söz etdirmək qarşıda dayanan və arzulanan planların da uğurla həyata keçiriləcəyinə ciddi inam yaradır.
İnanaq ki, hökumət "Qarabağ"ın bundan sonrakı əsas strategiyasına töhfəsini əsirgəməyəcək.
Elvin ƏHƏD