"Qarabağ"ın futbolçusu Polşa klubuna nə vaxt qoşulacaq?

"Qarabağ"ın futbolçusu Polşa klubuna nə vaxt qoşulacaq?

"Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirəcək.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Mediasport.az saytına verilən məlumata görə, onun keçidinə razılıq verilib.

"Köhlən atlar"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev 28 yaşlı futbolçunun legioner həyatı yaşamaq istədiyini və Qurban Qurbanovun məsələyə münasibətini diqqətə çatdırıb:

"Rahil Məmmədov ona Polşa klubundan təklif gəldiyini, "Qarabağ" icazə verərsə, Avropada legioner həyatı yaşamaq istədiyini bildirdi. Məşqçilər korpusu və rəhbərlik yerli futbolçunun Avropada oynamaq şansını və perspektivini nəzərə alaraq Rahilə icazə verdi.

Futbolçu yaxın günlərdə həkim müayinəsindən keçəcək. Proses uğurla nəticələnəcəyi halda, klubumuz Rahilin keçidinə şərait yaradacaq. "Qarabağ" hər zaman idman prinsiplərini üstün tutur və nəticələrlə azarkeşlərimizi sevindirmək əsas prioritetdir.

Bildiyiniz kimi, qış transfer dönəmində bir neçə futbolçumuza təkliflər olsa da, heç birinin buraxılmaması qərarı verilmişdi. Amma baş məşqçi Qurban Qurbanov Rahilin milli komandamızın üzvü olmasını, legioner həyatı yaşamaq istəyini və karyera perspektivini nəzərə alaraq bu təklifin istisna hal kimi dəyərləndirilməsini istədi və rəhbərlik də etiraz etmədi".

Müdafiəçi yanvarın 20-də LKS-ə qoşulacaq və Türkiyənin Side bölgəsinə yollanacaq. Lodz təmsilçisi mövsümün ikinci yarısına burada hazırlaşacaq və 4 yoxlama oyunu nəzərdə tutulub.

"Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"da çıxış edir. LKS (Lodz) hazırda futbol üzrə Polşa çempionatında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Məmmədovun transferi ilə bağlı ilk xəbəri Pressing.az saytı yazıb.


Rövşən