"Qəbələ" ilə matç mövsümün oyunu ola biləcək bir qarşılaşmadır"
"Kəpəz" bu gün Premyer Liqanın 32-ci turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq.
Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov və kapitanlar klubun mətbuat xidmətinə açıqlama verib.
Adil Şükürov: “Həqiqətən də qarşıdakı matç mövsümün oyunu ola biləcək bir qarşılaşmadır. Bizim üçün çox vacibdir ki, “Qəbələ”yə qarşı gücümüzü göstərək və üstünlüyümüzü möhkəmləndirək. Öz oyunumuzu fikirləşməliyik və komandanın elitada qalacağını artıq tam olaraq rəsmiləşdirmək istəyirik. Amma bu da asan olmayacaq, bizi çətin görüş gözləyir. “Qəbələ” bu oyuna köklənib və sırf “Kəpəz”lə matçı gözləyirlər. Hər bir xal çox dəyərlidir, qızıla bərabərdir. Yəni biz ora bir xal üçün yox, üç xal üçün gedəcəyik. Həm öz oyunumuzu nümayiş etdirməliyik, həm də bizə lazım olan nəticəni qazanmalıyıq.”
Vurğun Hüseynov: “Fikrimiz çətin Qəbələ səfərindən yaxşı nəticə ilə qayıtmaqdır. Məşqlərimiz də bu yöndə olub, çalışmışıq ki, baş məşqçimizin tapşırıqlarını tam yerinə yetirək. Çətin oyun olacaq. Baxmayaraq ki, “Qəbələ” sonuncu pillədədir və arada böyük xal fərqimiz var. Amma biz rahat deyilik, bu oyuna tam ciddi yanaşırıq. Səfərdə xal və ya xallar qazanacağımıza inanırıq. Təbii ki, onların da az da olsa elitada qalmaq şansları var. Biz bunu dərk edirik. Ona görə hazırlaşırıq. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Onlar da, biz də istəkli olacağıq. Sevinən tərəf biz olmalıyıq”.
Yeqor Xvalko: “Prinsipcə, “Qəbələ” ilə bütün oyunlarımız mübarizəli alınır. Matçlarımız döyüşkən keçir. Bir oyunda 3:0 hesabıyla qalib gəlsək də, heç də asan olmamışdı. Qələbələri əziyyət çəkərək qazanmışıq. Qarşıdakı görüşə də ciddi hazırlaşmışıq. Bizə qələbə lazımdır. Premyer Liqada qalmağımızı rəsmiləşdirmək istəyirik. Əslində daha çox xal yığmaq əzmindəyik. Bizim 8-ci pilləyə yüksəlmək imkanımız da var. Turnir cədvəlində bizdən öndə olan “Araz Naxçıvan”ı keçə bilərik. Ona görə də çalışacağıq ki, qalib gələk.”