"Sonuncu pillədəyik, nəyisə düzəltməliyik" - Elmar Baxşıyev
“Çətin oyun alındı. İki fərqli hissə izlədik. Birinci yarı daha çox rəqibin üstünlüyü ilə keçdi".
Mediasport.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 22-ci turunun "Turan Tovuz"la səfər görüşü haqda danışıb.
Çalışdırıcı 1:2 hesablı məğlubiyyət haqda bunları deyib:
- İkinci hissədə oyunda dönüş yaratmağa çalışdıq, amma sonda bərabərlik qolunu vura bilmədik. Sonuncu pillədəyik. Bilirik ki, son sıranı tərk etmək üçün nəyisə düzəltməliyik. Üç gündən bir oynamağımız təsirsiz ötüşmədi. Amma tək biz deyilik. Hər iki turnirdə oynamaq istəyirsənsə, bu problemlə üzləşəcəksən. Lakin zədəli və cəzalı futbolçular olduğu üçün rotasiyalar edə bilmədik.
Komandamızın toparlanacağlna və qarşıdakı görüşlərdə daha uğurlu olacağına inanırıq. Tək hücumda yox, müdafiədə də problemlərimiz var. Cəzalı və zədəli oyunçularımız heyətə dönəndən sonra tam fərqli olacağıq. Bütün futbolçular olanda rəqabət də artır. Futbolçular bu gün əllərindən gələni etməyə çalışırdılar.
Qeyd edək ki, 15 xalla turnir cədvəlində sonuncu olan Qəbələ təmsilçisi ən yaxın izləyicisi "Kəpəz"dən 5 xal geri qalır.