Qubada master-klass keçirilib
Azərbaycan Cüdo Federasiyası (ACF) və Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı Qubada cüdo üzrə master-klass keçirilib.
Mediasport.az xəbər verir ki, master-klass çərçivəsində cüdo üzrə milli yığma komandanın üzvləri və Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib.
Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər.
Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənib tətbiq etməyə çalışıblar.
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.
Azərbaycan Cüdo Federasiyası tədbirin təşkilində göstərilən dəstəyə görə Quba şəhər İcra Hakimiyyətinə, eləcə də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə öz təşəkkürünü bildirib.